Xaqani Məmmədov: “Hakimlərimizin psixoloji hazırlığı yüksək səviyyədə deyil” - MÜSAHİBƏ
16 yanvar 2014 16:59 (UTC +04:00)

Xaqani Məmmədov: “Hakimlərimizin psixoloji hazırlığı yüksək səviyyədə deyil” - MÜSAHİBƏ

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, Məmmədov ədalət təmsilçilərinin Türkiyənin Antalya bölgəsində davam edən təlim-məşq toplanışı barədə danışıb...

 

- Artıq bir neçə gündür hakimlərin Antalyada təlim-məşq toplanışı keçirilir. Hazırlıq prosesi necə davam edir?

 

- Əvvəlcədən tərtib etdiyimiz plana əsasən işləyirik. Buraya fiziki hazırlıq üzrə məşqlər, nəzəri biliklərin artırılması və oyunların idarə olunması daxildir. Ötən müddətdə hakimlərimiz 10-dan çox oyun idarə ediblər. Misal üçün, Polşa, Ukrayna, İsveçrə və başqa ölkələrin yüksək liqa komandalarının iştirakı ilə keçirilən qarşılaşmaları qeyd edə bilərəm.

 

- Qış fasiləsindən sonra hakimlərin fiziki hazırlığı hansı səviyyədədir?

 

- Çempionata fasilə verilsə də, biz Bayıl stadionunda məşqlərimizi davam etdirirdik. Əvvəllər fiziki hazırlıq üzrə məşqçimiz yox idi, hakimlərimiz tez-tez zədələnir, yüklənməyə tab gətirmirdilər. İndi belə deyil. Hakimlər təlim-məşq toplanışına hazırlıqlı şəkildə gəlirlər. Ona görə də bu toplanışda zədəsi və yorğunluğu olan hakim yoxdur.

 

- Ötən il qış toplanışına sabiq FIFA referisi Valentin İvanov dəvət olunmuşdu. Bu dəfə isə Aleksey Spirin nəzəri məşğələlərdə öz təcrübəsini hakimlərimizlə bölüşür. Seminarın əsas mövzusu nə olur?

 

- UEFA-nın təlimatçısı olan rusiyalı Aleksey Spirini xüsusi olaraq təlim-məşq toplanışına dəvət etmişik. O, böyük təcrübəyə malik pedaqoqdur. Biz onun mövzularından razıyıq, o da bizim hakimlərimizin hazırlığından. UEFA-nın tədris disklərində nümayiş olunan epizodlarla bağlı verdiyi suallara aldığı cavablar onu tam qane edir. Hakimlərimizin çox hazırlıqlı olduğunu deyir. Spirinin diqqətini cəlb edən əsas məqamlardan biri də hakimlərimizin gənc olmalarıdır. Böyük perspektivə malik olan hakimlərdir.

 

- Qeyd etdiyiniz kimi, bu dəfə daha gənc hakimlər toplanışa cəlb olunub. Əvvəlki müsahibələrinizdə hakimlərimizin əsas çatışmazlığının yanlış mövqe seçimləri olduğunu bildirirdiniz. Yeni nəsil hakimlərdə də bu çatışmazlıq hiss olunurmu?

 

- Bunların hamısı təcrübə ilə əlaqədar olan məsələlərdir. Onlar təcrübə topladıqca çatışmazlıqlar da tədricən aradan qalxacaq. Hazırda hakimlərimiz üçün əsas məsələ psixoloji hazırlıqla bağlıdır. Bildiyiniz kimi, UEFA da psixoloji hazırlığa xüsusi diqqət göstərir. Oyunlar zamanı hakimlərimizin buraxdığı səhvlərin əksəriyyəti psixoloji hazırlığın yüksək səviyyədə olmaması ilə əlaqədardır. Əslində, psixoloji hazırlığın istənilən səviyyədə olmaması hakimlərin gənc olmaları ilə bağlıdır. Hakim nə qədər təcrübəli olarsa, nüfuzlu futbolçunun qarşısında özünü itirmir, daha qətiyyətli olur.

 

- Təlim-məşq toplanışının gedişində psixoloqun dəvət olunması gözlənir?

 

- Psixoloqun dəvət olunması yaxın gələcəyin işidir. Psixoloji hazırlıq daimi olmalıdır. Bu 1 günün, 1 ayın işi deyil. Hakimlər özləri də daim öz üzərilərində işləməlidirlər.

 

- Cari mövsümdə çempionatın 4 dövrəli sistemlə təşkil olunması oyunların sayını artırıb. Bu təlim-məşq toplanışında daha çox fiziki hazırlığa üstünlük veriləcək, yoxsa oyunların idarə edilməsinə?

 

 

- Bunlar hamısı vəhdət təşkil edir. Fiziki hazırlıq yaxşı olmasa, oyunu yaxşı idarə etmək mümkün deyil. Yaxud oyun qaydalarını yaxşı bilməsən, meydanda problemlərin olacaq. Hakim həm fiziki hazırlığa malik olmalıdır, həm də oyun qaydalarını dərindən bilməlidir. Təlim-məşq toplanışında bunlar paralel aparılır.

 

- Bu mövsüm ilk dəfə turun mərkəzi qarşılaşmalarında əlavə köməkçi hakimlərdən istifadə olundu. Bunun nə kimi müsbət tərəflərini müşahidə etmisiniz?

 

- Bildiyiniz kimi, bu, Avropada yeni həyata keçirilən sistemdir. Hesab edirəm ki, bunun müsbət tərəfləri daha çoxdur. Misal üçün, cərimə meydançasının daxilində baş hakimin görə bilmədiyi qayda pozuntusunu əlavə köməkçi hakim görür. O da baş hakimə məlumat verir. İlk dəfə bu il tətbiq etdik. Düşünürəm ki, getdikcə çatışmazlıqlar aradan qalxacaq, səhvlər daha az olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 793
avatar

Oxşar yazılar