Vasif Talıbov ilk müsahibəsini “apasport”a verdi
26 noyabr 2013 22:13 (UTC +04:00)

Vasif Talıbov ilk müsahibəsini “apasport”a verdi

“Telekom” voleybol klubunun baş məşqçisi Vasif Talıbovun apasport.az saytına müsahibəsi

- Xeyli vaxt idi Ukraynada yaşayırdınız. Azərbaycana qayıtmaq qərarını vermək çətin olmadı ki? 
- Vətənə çoxdan qayıtmaq istəyirdim. Sadəcə, yaxşı təkliflər yox idi. Təklif indi oldu və mən də qərarımı verdim. 

- Artıq “Telekom”u 2 oyuna çıxarmısız. Klub haqda fikirləriniz maraqlıdır... 
- Komandada çox yaxşı, perspektivli voleybolçular cəmləşib. Onların çoxunu tanıyırdım. Hamısı gözəl gələcək vəd edir və inanıram ki, tezliklə adlarından söz etdirə biləcəklər.

- Heyəti qənaətbəxş sayırsız? 
- Fikrimcə, hansısa çətinlik olacağı inandırıcı deyil. Mən 1986-cı ildən voleybola başlamışam və bu yaşıma kimi hər günüm bu idman növü ilə keçib. Deyə bilərəm ki, inamlı çıxış üçün lazımı heyət var. 

- Super Liqada bütün iştirakçıların oyununu izləmisiz. Sizcə, “Telekom” mövsümü neçənci yerdə başa vura bilər? 
- Bu il hədəfimiz oturuşmuş heyət formalaşdırmaqdır. İnşallah, gələn mövsümdən istəklərimiz daha da artacaq. Ancaq bu, o demək deyil ki, biz mövsümü boşa vermək fikrindəyik. İstənilən rəqibə qarşı ciddi müqavimət göstərib, turnir cədvəlində kifayət qədər irəliləməyə çalışacağıq. Həmçinin, oyunçuların yetişməsinə yardımçı olacağıq. Əsas məqsədimiz gənc heyətin təcrübə toplaması, ardınca gücümüzü ortaya qoymaqdır. 

- Komandanız “Lokomotiv”a qalib gəldikdən sonra “Azəryol”a qarşı da pis oynamadı. Hətta ikinci hissədə 25:10 hesabı ilə qalib gəlsəniz də, yekunda 1:3 hesabı ilə uduzdunuz. Bu məğlubiyyəti təcrübəsizliklə bağlamaq olarmı? 
- “Azəryol” çox yaxşı komandadır. Onlar “Rabitə” ilə demək olar eyni gücdə oynayırlar. Biz əlimizdən gələni etdik, amma qalib gələ bilmədik. 

- Dördüncü setdə hesabı bərabərləşdirə bilərdiz. Qələbə üçün nə çatmadı? 
- Onların heyəti dünyada tanınmış voleybolçulardan qurulub. “Telekom”da isə gənc oyunçular cəmləşib. Məğlub olmağımızda da bu rol oynadı. 

- Komandada dəyişiklik gözlənilirmi? 
- Ola bilər. Amma hələ dəqiq nəsə demək çətindir. 

- Yəqin Ukraynada da Super Liqanı izləyirdiz. Azərbaycan çempionatı ölkə xaricindən necə görünürdü? 
- Dünyanın bütün ölkələrində Super Liqanın gücündən danışırlar və hamı bilir ki, aparıcı voleybol yığmalarının liderləri Azərbaycanda oynayırlar. Məncə, bundan artıq nəsə deməyə ehtiyac yoxdur.

- Ukraynaya öncə oyunçu kimi yollandınız, ardınca qalıb məşqçi kimi işlədiz. Burada sizə münasibət necə idi? 
- Bəli, oyunçu kimi özümü yaxşı tərəfdən göstərdim. Vinnitsanın VNAU klubuna dəvət olundum. Burada məni çox yaxşı qəbul etdilər. Bir neçə il oynadıqdan sonra komandanın kapitanı oldum, ardınca karyeramı bitirdim və məşqçi işləməyə başladım. “Telekom”a gələnə kimi komandamız Superliqada birinci yerdə gedirdi. Ukrayna kubokunda 4 komandanı məğlub etmişdik. Yəni, hər şey istədiyimiz kimi gedirdi. Mən hansısa pislik görməmişəm və hami doğma kimi yanaşırdı. 

- İlin əvvəlində kişilərdən ibarət Azərbaycan millisinə baş məşqçi təyinatınız da gündəmdə idi. Bu təyinat nə səbəbdən alınmadı? 
- Ukraynada müəyyən işlərim vardı. Bu səbəbdən də gəlməyim baş tutmadı. 

- Siz yığmamızın və “Metro”nun liderlərindən olmusuz. Millimizin hazırkı durumunu necə qiymətləndirirsiz? 
- Artıq yeni milli yaradılır. Gənc uşaqları komandaya cəlb ediblər. Biz təcrübəlilər də kömək edərik, hər şey yaxşı olar. 

- Komandaya kubalı Tabares Leonardo Sillie baş məşqçi təyin olunub. Buna münasibətiniz necədir? 
- Məncə, yaxşı alınacaq. Əgər uşaqlar işləmək və öyrənmək istəsələr, baş məşqçinin kubalı və ya azərbaycanlı olmasının ciddi əhəmiyyəti yoxdur. Bu gənclərin özündən asılıdır. 

- Amma az öncə komandamızın Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının U-19 çempionatında çıxışı uğurlu alınmadı... 
- Xəbərim var. Həmin turnirdə Rusiya, Ukrayna, Estoniya və Latviya oynayıb ki, onlar da kişi voleybolunda çox yüksəlişdədirlər. Bu komandalar dünyada belə ən güclülərdən hesab olunurlar. Gənclərdən ibarət Azərbaycan millisi isə 2-3 ildir bir araya gəlib və bu səbəbdən mən təmsilçimizin orada qalib gəlməsini də gözləmirdim. Daha güclü olmaq üçün illər lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666
avatar

Oxşar yazılar