Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasının kəmər güləşi yarışlarında Azərbaycan yığma komandasının üzvü Ülviyyə Kərimova 52 kq çəki dərəcəsində gümüş medal qazanıb. Ü. Kərimova əldə etdiyi uğurla bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə fikirlərini açıqlayıb.
O deyib: “Dəfələrlə beynəlxalq yarışların mükafatçısı olsam da, bu həyatımda, hələlik ən böyük uğurumdur. 17 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Sonradan məşqçimin təkidi ilə kəmər güləşinə keçdim. Əvvəl fikirləşirdim ki, bu, mənim üçün müvəqqətidir, bir neçə yarışdan sonra qayıdaram sərbəst güləşə. Lakin gördüm ki, kəmər güləşi mənim üçün daha cəlbedici və uğurludur. Bu, mənim yığma komandada ilk yarışım idi. Sevinirəm ki, debütüm pis alınmadı. Balaca bacım da kəmər güləşi ilə məşğuldur. O dünya çempionatının bürünc medalını qazanmışdı. Deməli, ailəmizdə böyük yarışlardan bir bürünc və bir gümüş medal var. İndi qaldı onların yanına qızıl medal da əlavə etmək”.
Qeyd edək ki, Ülviyyə Kərimova 1989-cu ildə Sumqayıtda anadan olub və Voronej Bədən Tərbiyəsi İnstitutunda təhsil alır.
Ülviyyə Kərimova: “Sevinirəm ki, debütüm pis alınmadı”
679