Azərbaycan klublarının cari mövsüm üçün avrokuboklarda çıxışı ilə əlaqədar UEFA-dan AFFA-ya 1 milyon 415 min avro köçürülüb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəsait 2013-2014-cü il mövsümündə qitə miqyaslı yarışlarda çıxış etmiş 4 klubumuz arasında bölüşdürülüb.
“Neftçi”yə ölkə çempionu olduğu üçün 200 min, Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış etdiyinə görə 175 min, “İnter” və “Xəzər Lənkəran” Avropa Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apardığı üçün hər iki kluba 250 min, “Qarabağ”a isə Avropa Liqasının “pley-off” mərhələsində iştirak etdiyinə görə 540 min avro ayrılıb.
Qeyd olunmuş pul vəsaitləri AFFA tərəfindən müvafiq olaraq klubların hesabına köçürülüb.