Futbol üzrə Topaz Premyer Liqasının XIX turunda daha bir əcnəbi mütəxəssis debüt edib. Lent.az-ın məlumatına görə, bu, “Rəvan”ın türkiyəli baş məşqçisi Güvenc Kurtardır.
“Bakı” ilə qarşılaşmada 1:5 hesablı məğlubiyyətə üzülən Kurtar Premyer Liqa tarixinin 46-cı əcnəbi baş məşqçisi olub. Cari mövsümədək 42 xarici mütəxəssisin çalışdığı çempionatda Milinko Pantiç (“Bakı”) və Yuri Syomin (“Qəbələ”) startda, Mustafa Dənizli (“Xəzər Lənkəran”) isə ötən ilin sonlarında debüt edib. Onların ardınca mövsümün 4-cü debütantı olan Kurtar bu rəqəmi 46-ya çatdırıb.
O, həm də Premyer Liqada çalışan 12-ci türkiyəlidir. Kurtaradək Rasim Kara (“Qarabağ” və “Xəzər Lənkəran”), Naci Şensoy, Mustafa Yılmaz (hər ikisi “Turan”), Fatih Kavlak(“Qəbələ”), Bülent Korkmaz (“Bakı”), Cüneyt Biçer (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cevat Gülər (“Rəvan”), Şenol Fidan, Mustafa Dənizli (hər ikisi “Xəzər Lənkəran”), Fuad Yaman (“Karvan”) Azərbaycan çempionatında çalışıb.
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 12, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəyə 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəyə 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəyə 1.
Kurtar “Rəvan”ın tarixində 3-cü əcnəbi baş məşqçidir. Ona qədər həmyerlisi Cevat Gülər və bosniyalı Kemal Alispahiç də paytaxt klubunda çalışıb. Ümumilikdə isə Azərbaycanın 17 klubu Premyer Liqada əcnəbi mütəxəssisə güvənib: “Xəzər Lənkəran” - 8, “Bakı” – 7, “İnter”, “Simurq” , “Qəbələ” – hərəyə 4, “Gənclərbirliyi”, “Neftçi”, “Standard”, “Turan” , “Rəvan” – hərəyə 3, “Muğan”, AZAL – hərəyə 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəyə 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.