“Simurq” “Bakı”nı “böyük qardaşı”nın stadionunda qəbul edəcək
Futbol üzrə Topaz Premyer Liqasında yeni mövsümün ilk “Böyük oyun”u IV tura təsadüf edəcək. Lent.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası “Xəzər Lənkəran” və “Neftçi” komandaları arasında keçiriləcək qarşılaşmanın başlama saatını açıqlayıb.
Avqustun 25-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək matça saat 20:00-da start veriləcək. Hazırda “Neftçi” çempionatın xal itirməyən 2 komandasından biridir. “Xəzər Lənkəran” isə hələ də qələbə üzünə həsrətdir.
Tura avqustun 23-də Bakının Şüvəlan qəsəbəsindəki “AZAL Arena”da start veriləcək. Son 2 oyununu qələbə ilə başa vurmuş AZAL ötən tur “Qəbələ”yə ilk məğlubiyyət acısı yaşadan “Sumqayıt”ı sınağa çəkəcək. Bu görüş saat 19:00-da başlanacaq.
Ertəsi gün Zaqatala “Simurq”u “Bakı”nı qəbul edəcək. Amma oyun paytaxtda baş tutacaq. Zaqatala şəhər stadionu təmirdə olduğundan, “Simurq” ilk ev oyununu Qəbələdə keçirib. Lakin qarşıdakı turda həmin arenada eyniadlı komanda avqustun 25-də saat 18:00-da lider “Qarabağ”ı sınağa çəkəcək. Bu səbəbdən, “Simurq” onsuz da qardaş münasibətlərində olduğu “İnter”ə məxsus “Şəfa” stadionundan yararlanmağı qərara alıb. Bu oyun da elə saat 19:00-da başlanacaq.
Qarşıdakı tura avqustun 25-də “Xəzər Lənkəran” – “Neftçi” matçı ilə paralel olaraq, “Rəvan” – “İnter” qarşılaşması da nöqtə qoyacaq. Bu oyun isə paytaxtdakı “Bayıl Arena”da olacaq.
23 avqust (cümə)
19:00. AZAL (Bakı) – “Sumqayıt”
Bakı, “AZAL Arena”
24 avqust (şənbə)
19:00. “Simurq” (Zaqatala) – “Bakı”
Bakı, “Şəfa” stadionu
25 avqust (bazar)
20:00. “Xəzər Lənkəran” – “Neftçi” (Bakı)
Lənkəran şəhər stadionu
20:00. “Rəvan” (Bakı) – “İnter” (Bakı)
Bakı, “Bayıl Arena”
18:00. “Qəbələ” – “Qarabağ” (Ağdam)
Qəbələ şəhər stadionu.