Soyuq hava Endi Koulu azərbaycanca danışmağa məcbur etdi
03 dekabr 2013 17:26 (UTC +04:00)

Soyuq hava Endi Koulu azərbaycanca danışmağa məcbur etdi

“Futbol Bakcell ilə” layihəsi çərçivəsində Bakıya gələn İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koul dekabrın 3-də uşaqlarla görüşüb. Lent.az-ın məlumatına görə, “Bakcell Arena”da keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə müdafiəçi Mahir Şükürov da qatılıb.

 

“Neftçi”nin və millimizin sabiq hücumçusu Samir Ələkbərovun məşqçilik etdiyi komandanın üzvləri hər 3 oyunçunu salamlayıblar. Bu zaman Ələkbərovun Koulun adını Endi yox, Eşli kimi tələffüz etməsi diqqət çəkib. Bundan sonra veteran futbolçu Ağayev və Şükürovla birgə uşaqlarla futbol oynayıb. O, soyuq havada bir qədər qızışsa da, jurnalistlərə müsahibəsinə elə azərbaycanca “soyuqdur” sözləri ilə başlayıb: “Bakıya dünən gecə gəlmişəm. Amma burda olduğum qısa müddət ərzində gördüklərimdən razı qalmışam. Uşaqlarla futbol oynamağın ləzzəti həqiqətən də başqadır, çox gözəldir. Xüsusən də belə havada. Bu uşaqlar gələcək futbolçu nəslinin nümayəndələridir. Futbolunuzun gələcəyi həm də bu uşaqlardan asılıdır”.

 

Daha öncə onun “Mançester Yunayted”dəki sabiq komanda yoldaşı Duayt York da Bakıda olub. York mayın əvvəllərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yerli və dünya futbolunun veteranları arasındakı yoldaşlıq görüşünə qatılıb. Koulun sözlərinə görə, keçmiş komanda yoldaşı da Bakıdan yaxşı təəssüratlarla ayrılıb: “O dedi ki, Bakı çox gözəl şəhərdir. Mən də gəlib, buranı öz gözlərimlə gördüm. Onunla eyni təəssüratlara malikəm. Bura gəlməyə dəyər. Mən də veteranlar arasında görüşdə iştirak etməyə hər zaman hazıram”.

 

Hazırda “Mançester Yunayted”in səfiri kimi fəaliyyət göstərən Koul AFFA ilə şəxsən heç bir məsələni müzakirə etmədiyini söyləyib. O, ölkəmizə ilk dəfə səfər etdiyini xatırladıb. Səfəri zamanı AFFA rəsmiləri ilə görüşdüyünü deyən sabiq hücumçu onlarla tanışlıqdan məmnun qaldığını bildirib. Söhbət əsnasında millimizin son nəticələrinə də toxunulduğunu deyən Koul Azərbaycanda futbolun inkişaf etdiyini diqqətə çatdırıb: “Yığmanızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarından xəbərdaram. Rusiya üzərində heç-heçə və Şimali İrlandiya üzərində qələbənizi xüsusi qeyd edərdim. Yavaş-yavaş, inamla futbolunuz inkişaf edir”.

 

Koul futbolçu qismində İngiltərə “Nyukasl”ında çıxış etdiyi vaxt 1993-1994-cü il mövsümündə 34 qolla Premyer Liqanın bombardiri olub. O, Premyer Liqa tarixində ikinci ən məhsuldar hücumçu sayılır. Sabiq forvardın fikrincə, hazırda Premyer Liqada bu göstəricidə rekord qırmağa Ueyn Runinin daha çox imkanı var: “Runinin bu göstəriciyə yaxınlaşmaq və ya ötmək baxımından göstəriciləri nisbətən əlverişlidir. Amma Premyer Liqa tarixində ikinci ən yaxşı bombardir olmağım siz mənə dedikdən sonra yadıma düşdü”.

 

Tədbirin sonunda Koul, Ağayev və Şükürov uşaqlarla xatirə şəkli çəkdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1685
avatar

Oxşar yazılar