Futbol üzrə Topaz Premyer Liqasının autsayderlərindən olan Bakının “Rəvan” klubuna yeni baş məşqçi təyin olunub. Lent. az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Şahin Diniyevdir.
Təcrübəli mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Başqa sözlə, Diniyev 2015/2016-cı il mövsümünün sonunadək “Rəvan”ın baş məşqçisi olacaq. Artıq onun rəhbərlik edəcəyi məşqçilər korpusunun tərkibi də müəyyənləşib. Diniyevə Nazim Əliyev və Xaliq Mərdanov kömək edəcək. Onun təqdimatı oktyabrın 10-da “Bayıl Arena”da baş tutacaq.
Diniyev “Rəvan”ın bu mövsüm ərzində 3-cü baş məşqçisi olub. Daha öncə bu komandanın sükanı arxasında Ramil Əliyevlə Vladislav Qədirov durub.
Qeyd edək ki, Şahin Diniyev 12 iyun 1966-cı ildə Beyləqanda doğulub. Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi baş məşqçi karyerasına 2001-ci ildə Rusiya “Terek”ində başlayıb. Sonradan o, Ağdamın “Qarabağ”, Gəncənin “Kəpəz” klublarının, eləcə də Azərbaycan millisinin sükanı arxasına keçib. Diniyevin son iş yeri də elə 2009-2010-cu illərdə rəhbərlik etdiyi “Terek” olub.