SABAH qruplarının tələbələri beynəlxalq musiqi müsabiqəsində laureat olub.
Azərbaycanın şosse velosipedi üzrə elit yığması və "Synergy Baku Cycling Project" kontinental komandasının üzvü Maksim Averin bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Apasport.az saytının məlumatına görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.
Averin 4 illiyin zirvə yarışında ölkəmizi qrup yarışlarında təmsil edəcək.
Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki il ərzində velosipedçilər təmsil etdikləri qitələr üzrə klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə olimpiadaya lisenziya xalları toplayırlar. 2015-ci ildə "Synergy Baku"nun heyətində bir sıra yarışlarda uğurla çıxış edən Averin ümumilikdə 158 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 142 velosipedçi sırasına düşmək üçün yetərli olub.
Averinin atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib.
Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 33-ə çatıb. Averindən öncə Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko (idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Elvin Məmişzadə (52 kq), Albert Səlimov (boks, 60 kq), Pərviz Bağırov (hamısı boks, 69 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) Olimpiadada iştirak hüququ qazanıb. Bununla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz 4 vəsiqəyə sahib olub.