İspaniya çempionatının 22-ci turunda lider dəyişikliyi baş verib. Lent.az-ın məlumatına görə, “Atletiko” “Barselona”nın “Valensiya”ya 2:3 hesablı ev məğlubiyyətindən layiqincə yararlanıb.
“Azerbaijan Land of Fire” formalı komanda evdə “Real Sosyedad”ı 4:0 hesabı ilə darmadağın edərək, vahid liderə çevrilib. Meydan sahiblərinin qollarını 38-ci dəqiqədə David Vilya, 72-ci dəqiqədə Dieqo Kosta, 74-cü dəqiqədə Joao Miranda, 87-ci dəqiqədə isə Dieqo Ribas vurub. Bununla da xallarını 57-yə çatdıran baş məşqçi Dieqo Simeonenin komandası ən yaxın rəqibi “Barselona”nı 3 xal geridə qoyub.
Digər tərəfdən, 3-cü pillədəki “Real Madrid” də “Atletik”lə səfər matçında büdrəyib – 1:1. “Kral klubu” 66-cı dəqiqədə Xese Rodrigesin qolu ilə hesabda önə keçsə də, 74-cü dəqiqədə İbai Qomes bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Kriştianu Ronaldu rəqib futbolçunu vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Bu heç-heçədən sonra “Real Madrid” “Barselona” ilə xallarını bərabərləşdirib. Komandanın baş məşqçisi Karlo Ançelotti isə məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdıraraq, sələfi Joze Mourinyoya məxsus rekordu təzələyib.