Güləşçi Cəbrayıl Həsənov Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, 74 kq çəkidə çıxış edən Cəbrayıl Həsənov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionumuz kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə gücünü yoxlayıb. Döyüş həmyerlimiz üçün asan keçib. Cəbrayıl cütün taleyini ilk hissədəcə həll edib - 10:0.
O, 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Həsənov bu rəqibini də vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. İlk hissədə 11:0 hesabı ilə önə keçən həmyerlimiz yarımfinala vəsiqə qazanıb.
Həmyerlimiz finala gedən yolda rusiyalı Aniuar Qeduyevlə güləşib. Cəbrayıl döyüşə yenə fəal başlayıb. Hətta 4:0 hesabı ilə önə də keçib. Lakin o, üstünlüyünü qoruya bilməyib. Yekunda rusiyalı 5:4 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 9:7 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində dayanmağa haqq qazanıb.