Fransa milli komandasının və Almaniyanın “Bavariya” klubunun futbolçusu Frank Riberi Ukrayna yığması ilə 2014-cü il dünya çempionatının “pley-off” mərhələsinin cavab görüşündə qabırğasını sındırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Riberi zədə üzündən noyabrın 23-də Dortmund “Borussiya”sı ilə Almaniya çempionatı matçını buraxacaq.
O, “Borussiya”ya qarşı oynaya bilməyəcəyindən təəssüflənsə də, özü olmadan da “Bavariya”nın qalib gələcəyinə inam ifadə edib. 30 yaşlı yarımmüdafiəçinin bərpa müddəti bilinmir. “Bavariya”nın rəsmi saytı təcrübəli oyunçunun noyabrın 27-də Rusiya MOİK-i ilə Çempionlar Liqası matçından da kənarda qala biləcəyini yazıb.
Qeyd edək ki, Fransa və Ukrayna yığmaları arasındakı cavab görüşü meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Frank Riberi bütün oyunu meydanda olub. Bu qələbə sayəsində Fransa dünya çempionatına vəsiqə qazanıb. Riberi bu mövsüm “Bavariya”nın heyətində 13 oyuna 5 qol vurub. O, ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top”a namizədlərdəndir.