Rəşad Sadıqov: “İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”
“Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı mübarizə aparacağıq. Ötən il də bu ölkənin komandası ilə qarşılaşmışdıq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov deyib.
Ağdam klubunun kapitanı olan 37 yaşlı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib. O bildirib ki, ilk mərhələdə qarşılaşacaqları Albaniyanın “Partizani”sinə qarşı lazımi oyun göstərmək üçün yaxşı hazırlaşmalıdırlar: “Bu oyuna çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyəti rəqibi analiz edəcək. Bizə lazımi məlumatı verəcək. Hazırda ən vacib odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”.
1226