Ramin Musayev: “Yeni mövsümdə Topaz Premyer Liqasında dəyişikliklər olacaq”
12 iyul 2013 17:21 (UTC +04:00)

Ramin Musayev: “Yeni mövsümdə Topaz Premyer Liqasında dəyişikliklər olacaq”

 

 

Gərgin oyunlarda 6 hakimdən istifadə olunması üçün Hakimlər Komitəsinə müraciət edəcəyik”

 

 

Bu gün Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünun püşkatma mərasimində  Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev yeni mövsümdə ölkə çempionatında olacaq yeniliklərdən danışıb.

 

Lent.az-ın verdiyi məlumata görə, ilk öncə Avroliqa təmsilçilərimizi təbrik edən Ramin Musayev yeni mövsümdə Topaz Premyer Liqasında dəyişikliklər olacağını söyləyib.

 

Ramil Musayev deyib ki, yeni mövsumdən I Divizion komandalarının əsas heyətində yaşı 21-dən az olan 8 futbolçu iştirak etməlidir. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I Divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək. Ramin Musayev onu da bildirib ki, yeni mövsümdən etibarən “Adidas” şirkətinin istehsalı olan “Kafusa” (Cafusa) toplarından istifadə olunacaq. Hər bir komandanın oyun formalarında futbolçuların ad və ya soyadı qeyd olunacaq: “Bəzi gərgin oyunlarda 6 hakimdən istifadə olunması üçün Hakimlər Komitəsinə müraciət edəcəyik. Növbəti mövsümdən I Diviziondan Premyer Liqaya bir komanda yüksələcək. PFL tərəfindən verilmiş xüsusi lisenziyası olmayan klub nümayəndələri komandalarının oyunları zamanı texniki zonada əyləşə də bilməyəcəklər”.

 

 

Daha sonra Ramin Musayev avrokuboklarda çıxış edən klublarımıza böyük ümidləri olduğunu vurğulayıb: “Məgər biz zəifik? Keçən il “Neftçi”nin qrup mərhələsinə düşəcəyini heç kəs gözləmirdi. Ancaq bu, oldu. Niyə də yenə olmasın? Mən demişəm ki, ən az 2 klubumuza böyük ümidlərim var. Onu da bildirmişdim ki, hər 3 klubumuz turnirdə ilk mərhələni adlayacaq. Yaxın 5 ildə futbolumuzda nə qədər böyük uğurların olacağını görəcəksiniz”.  

Ramin Musayev Azərbaycan Superkuboku uğrunda oyunun iştirakçıları olan “Neftçi” ilə “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk matçlarının evdə olacağı halda, bu oyunu mütləq keçirməyi nəzərdə tutduqlarını bildirib: “Ancaq “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdədirsə, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirəcək. Kubok da, medallar da hazırdır. Ancaq avrokuboklarda ilk oyunların məkanı fərqli olduğundan, keçirə bilmədik. Tarixi indidən demək olmur, ancaq gözəl bir günə salacağıq”.

Ramin Musayev Superkubokun qış fasiləsində klubların təlim-məşq toplanışında olduğu Türkiyədə keçirilməsi ilə bağlı təklifə də münasibət bildirib: “Bu, gözəl fikirdir. Jurnalistləri apara bilərik, bəs azarkeşləri nə edək? Əslində, Superkubok oyununun Türkiyədə keçirilməsini “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov təklif etmişdi”. 

# 831
avatar

Oxşar yazılar