Qurban Qurbanov: “Gefle”ni tam öyrənmişik!" - MÜSAHİBƏ
07 avqust 2013 00:17 (UTC +04:00)

Qurban Qurbanov: “Gefle”ni tam öyrənmişik!" - MÜSAHİBƏ

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında sabah “Gefle” ilə qarşılaşacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytının İsveçə ezam olunan əməkdaşına müsahibəsi

- “Gefle” ilə ilk oyunda qazanılan 1:0 hesablı qələbədən sonra İsveçə hansı əhval-ruhiyyədə gəlmisiz?
- Görüşə ciddi yanaşırıq. Çünkü “Gefle” öz meydanında tam fərqli futbol oynayır. Komandanın özünəməxsus ev oyun üslubu var. Hücum zamanı müdafiədəki futbolçuların birini orta xəttə çəkib, 4-3-1-2 sisteminə keçirlər. Təbii ki, Bakıda qazanılan nəticədən sonra əhvalımız yaxşıdır. Ancaq arxayınlaşmaq olmaz.

- Bizimlə söhbətdən əvvəl “Gefle”nin İsveç çempionatında keçirdiyi son matçını izlədiniz. Həmin oyunla Bakıda sizə qarşı nümayiş etdirdikləri oyun arasında hansı dəyişikliklər var?
- Təbii ki, dəyişiklik var. İsveç çempionatında bir hücumçu artıq oynadırlar. Hansı ki, həmin matçı Bakıda son 15 dəqiqədə nümayiş etdirdilər. “Anortosis”ə 4:0 hesabı ilə qalib gəldikləri heyəti buraxıblar. Biz də hazırlaşırıq, demək olar ki, rəqibin oyun üslubunu tam öyrənmişik. Lazım olan nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- İlk görüşlə müqayisədə cavab qarşılaşmasında “Qarabağ”ın oyun üslubunda dəyişiklik olacaqmı?
- Çox dəyişiklik olacağını deməzdim. Bəzi detallar var ki, həddindən artıq diqqətli olmalıyıq. Xüsusən müdafiədə. Riçard Almeydanın yoxluğunda da hardasa müəyyən dəyişiklik olacaq. Çalışacağıq ki, öz oyunumuzu oynayaq.

- Təxminən nə kimi dəyişiklik olacaq? Misal üçün, müdafiə futbolu oynadacaqsınız?
- Xeyr, müdafiədə oturmayacağıq.

- Komandanın hansı taktiki düzülüşdə oynayacağın müəyyənləşdirmisiniz?
- Demək olar ki, müəyyənləşdirmişəm. Amma indi açıqlamaq yaxşı olmaz.

- Riçard Almeydanın yoxluğu böyük itkidir. Onun yoxluğunda kimə şans verəcəksiniz?
- Təbii ki, itkidi. Ələlxüsus, səfərdə. Onun topla davranışı, sürəti, arxa xətdən hücuma keçməsi bizim üçün üstünlük idi. Onun yoxluğunda başqa futbolçunun xidmətindən yararlanacağıq.

- “İnter”lə matçda Riçard Almeydanın Brüs Abdullaye ilə toqquşması zamanı futbolçunuzun zədələnməsinə emosional şəkildə etiraz etdiniz. Artıq AFFA İntizam Komitəsi sizin haqda qərar çıxarıb və bir oyunluq cəzalandırılmısınız. Bununla bağlı nə deyə bilərsiniz?
- Cəzalanmağım normal haldır. Bundan heç kim sığortalanmayıb. Səhv etmişiksə, cəzalanmalıyıq. Epizod gözümün qarşısında olduğundan Riçardın hüşunu necə itirdiyini və zədələndiyini gördüm. Həkimlərin hadisəyə gec müdaxilə etməsi məni özümdən çıxardı.

- Səfərə çıxan heyətdə Vüqar Nadirov da yer alıb. Onun oynamaq ehtimalı varmı? 
- Vüqarın oynamaq şansı yoxdur. Yəqin ki, minimum 2-3 oyun bizə kömək edə bilməyəcək.

- “Gefle”nin artıq nəyə qadir olduğunu müəyyənləşdirdiyinizi dediz. Hər iki komandanın nə kimi üstünlüklərini qeyd edərdiniz?
- Rəqibin üstünlüyü odur ki, ön xətdəki hücumçuları ucaboydurlar. Həmin futbolçulara görə oyun üslubu müəyyənləşdiriblər. Tez bir zamanda həmin futbolçuları topla təmin etməyə üstünlük verirlər. Bundan əlavə, boş zonaları bağlayıb, qayıdan topları ələ keçirməyə çalışırlar. Bizim üstünlüyümüz onda olmalıdı ki, bunun qarşısını ala bilək, uzun ötürmələrə imkan verməyək. Həmçinin, qayıdan toplara da onlardan əvvəl biz sahib olmalıyıq. Topa daha çox nəzarət edə bilsək, rəqibin işi çətinləşəcək. Onlar bu oyun qarşısında irəli atılacaqlar. Biz isə sürətli futbolçularımız hesabına rəqibi əks-hücumda yaxalayıb, onlara çətin anlar yaşada bilərik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040
avatar

Oxşar yazılar