UEFA prezidenti Mişel Platini yeni ideyalar irəli sürüb. Lent.az-ın məlumatına görə, fransalı futbol funksioneri “AS” nəşrinə açıqlamasında futbolçuları meydandan müvəqqəti qovmağı təklif edib.
Onun fikrincə, belə cəza sarı vərəqə limitini keçən futbolçulara avtomatik diskvalifikasiyanı əvəzləyə bilər. Platini bildirib ki, təklif etdiyi cəza formasında futbolçunun oynadığı komandanın rəqibi üstünlük qazanır. Hazırkı qaydalarda isə oyunçunun diskvalifikasiyasından xeyri üçüncü tərəf, yəni, onun komandasının növbəti matçdakı rəqibi götürür. UEFA prezidenti əlavə edib ki, təklifi hələ üzərində işləməyə və geniş müzakirəyə ehtiyac tələb edir.
Futbol yarışlarında bir neçə sarı vərəqə alan oyunçuları adətən, 1 matçlıq cəzalandırırlar. Ayrı-ayrı turnirlərdə avtomatik diskvalifikasiya üçün gərəkli sarı vərəqələrin sayı müxtəlif olur. Məsələn, Azərbaycan Premyer Liqasında 4 sarı vərəqə alan futbolçu növbəti matçı buraxır.
UEFA prezidenti, həmçinin cərimə meydançasında qaydaları pozan qapıçıların qovulmasına qarşı çıxıb. Onun fikrincə, belə hallarda penalti təyin etmək kifayətdir. Platini bu ideyanı FİFA və UEFA-da çoxlarının dəstəklədiyini də əlavə edib.