Olimpiya çempionu Lent.az-a danışdı: “Hər gün zallardayam...” - MÜSAHİBƏ
17 dekabr 2013 11:22 (UTC +04:00)

Olimpiya çempionu Lent.az-a danışdı: “Hər gün zallardayam...” - MÜSAHİBƏ

Elnur Məmmədli: “Karyeramı başa vurmağım mənə çox təsir edir”

 

Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin Lent.az-a müsahibəsi

 

- İdmançı karyeranızı erkən başa vurmağınıza səbəb nə oldu?

 

- Əvvəla, zədələrim var idi. Özüm bunu tam açıqlamırdım. Söz-söhbətlər gəzirdi ki, Elnur Məmmədli idmanı atır. Halbuki məşqlərə ara verərək, müalicəmi davam etdirirdim. Bildiyiniz kimi, əvvəllər dizimdən əməliyyat olunmuşdum. Müalicədən sonra gördüm ki, sağlamlığım idmançı kimi hazırlıqlarımı davam etdirməyimə imkan vermir. Bundan əlavə, federasiyamızın rəhbərliyi ilə danışdıqdan sonra belə qərara gəldim ki, karyeramı başa vurduqdan sonra istedadımı gənclərə nümayiş etdirim, xalqa, dövlətə bu cür xidmət edim. Federasiyamızın prezidenti Füzuli Ələkbərova, “Neftçi” İdman Sağlamlıq Mərkəzinə, məşqçilərimə minnətdarlığımı bildirirəm ki, bizə çox dəstək olublar. Karyeramı zədələr ucbatından başa vururam. Zədə yaşa baxmır.

 

- Qərarınıza təəssüflənmirsiniz?

 

- Təbii ki, təəssüflənirəm. Amma idmanı birdəfəlik tərk etməmişəm. Yenə idmandayam, təlim-məşq toplantılarında iştirak edirəm. Hər gün zallardayam. Müxtəlif məşq yerlərində oluram, uşaqların məşqlərinə baxıram, onlardan seçirəm. Əlbəttə, karyeramı başa vurmağım mənə çox təsir edir. Amma nə etmək olar? Qismət belədir... Bu, zədədir. Heç kimdən küsməmişəm ki, müəyyən adamlara görə böyük idmandan getdiyimi deyim. Yox, sadəcə, sağlamlığım imkan vermir. Bir var ki, görüşü yarımçıq qoyum. Amma belə alındı ki...

 

- Vitse-prezident kimi funksiyalarınız nədən ibarət olacaq?

 

- Əsas işlərim bundan sonra başlayır. 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləcək. Hamı necə güləşdiyimdən xəbərdardır. İnşallah, müstəqil ölkə kimi qatıldığımız olimpiadalarda cüdo üzrə olimpiya çempionu bir deyil, neçəsi yetişəcək. Federasiyada vitse-prezident kimi yeniyetmələrlə də, gənclərlə də, böyüklərlə də işləyəcəyəm. Üzərimizdə böyük məsuliyyət var. Əvvəllər güləşirdim, çıxışlarıma görə məsuliyyəti də yalnız özüm daşıyırdım. İndi isə bütün yığmalarımızın məsuliyyəti üzərimizdə olacaq. Onları həm fiziki, həm də ki, taktiki baxımdan hazırlamalıyıq.

 

- Demək, yığmanın baş məşqçilərinin də işinə nəzarət edəcəksiniz...

 

- Bəli. Olimpiya çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı, 2 “Qrand Master” turnirinin qalibiyəm. Zallara girəndə tanınmış idmançılar mənə yaxınlaşaraq, bilmədiklərini soruşurlar, mən də onlara nəyisə öyrədirəm. Yəni, bilik bazamdan yeniyetmələr, gənclər və böyüklərin inkişafı üçün istifadə edirəm.

 

- Az öncəyədək rəhbərliyi altında çıxış etdiyiniz baş məşqçiyə indi vitse-prezident kimi nəzarət etmək çətinliklər yaratmır?

 

- Nəzarət etmək deyəndə ki, mən baş məşqçiyə fənd göstərmirəm. İdmançılara göstərirəm. Mən zala gələndə baş məşqçinin özü şad olur. Özüm güləşdiyim vaxt həm əvvəlki baş məşqçi Ağayar Axundzadə, həm məşqçi Hacı Hacıəhmədov, həm də şəxsi məşqçim Yaşar Allahverdi mənə müəyyən fəndləri öyrədirdi. O zamanlar işim bu idi. İndi isə yeni vəzifəmə uyğun funksiyalarımı yerinə yetirməliyəm.

 

- Adətən, hansısa federasiya prezidenti dövlət postunu itirdikdən sonra rəhbərlik etdiyi idman növünə diqqətini azaldır. Bu tendensiyanı Füzuli Ələkbərova da şamil etmək olar?

 

- Düzü, mənim belə məsələlərə qarışmağa ixtiyarım yoxdur. Çünki rəhbərlik belə məsləhət bilib. Hələ ki, federasiyamızın prezidenti Füzuli Ələkbərovdur. Gələcəkdə nə olacaqsa, yenə qərarı cənab prezident verəcək. Bizim işimiz isə vitse-prezident kimi öz üzərimizə düşəni yerinə yetirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar