Futbol kralı Pele öz nəvələri tərəfindən məhkəməyə verilib. Lent.az-ın “Diario de Sao Paulo”ya istinadən məlumatına görə, bu barədə 13 və 15 yaşlı yeniyetmələrin vəkili açıqlama verib.
O bildirib ki, Pele öz nəvələri ilə görüşdən imtina edir. Məşhur futbolçu 2006-cı ildə döş xərçəngindən dünyasını dəyişən qızı Sandra Reginanın Oktavio və Qabriel adlı oğullarını sonuncu dəfə 2011-ci ildə görüb. İddia ərizəsinə əsasən, nəvələri Peledən tibbi sığorta və təhsil xərcləri üçün kompensasiya haqqı kimi hərəyə 6 min dollar ödəməsini tələb ediblər.
Məhkəmə isə qərar çıxarıb ki, Pele hər nəvəsinə 760 dollar ödəməlidir. Amma yekun qərar noyabrda veriləcək.
Qeyd edək ki, karyerası ərzində 3 dəfə (1958, 1962, 1970) dünya çempionu olan Pele evləndiyi hər iki qadını boşayıb. Sandra Regina isə onun nikahdankənar münasibətləri nəticəsində doğulub. Pele uzun müddət davam etmiş məhkəmə çəkişmələrindən və bioloji ekspertizadan sonra Reginanın atası olduğunu etiraf edib.