Kosta-Rikanın gənclərdən ibarət yığmasının baş məşqçisi Paulo Vançope vəzifəsindən göndərilib.
Qol.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, buna P.Vançopenin Panama ilə oyunda stadionun mühafizəçilərindən biri ilə dalaşması səbəb olub.
Matçı stadiondan izləyən P.Vançope baş hakimin qərarına etiraz edərək meydana daxil olmaq istəyib. Lakin 39 yaşlı mütəxəssis həmin vaxt onu dayandırmağa çalışan mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Baş verən hadisədən sonra Kosta-Rika Futbol Federasiyasının rəhbərliyi Vançope ilə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, daha öncə Meksika millisinin baş məşqçisi Miqel Herrera KONKAKAF turnirini qazandıqdan sonra jurnalistə zərbə vurduğu və onu təhdid etdiyi üçün yığmadan qovulmuşdu.