2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oktyabrın 11-də Bakıda keçiriləcək qarşılaşma Azərbaycan millisinin tarixinə yubiley matçı kimi düşəcək. Apasport.az saytının məlumatına görə, yığmamız tarixində 200-cü oyununu keçirəcək.
Millimiz 1992-ci ildən indiyədək 199 görüş keçirib. Bu matçlarda 36 qələbə qazanan yığmamız 53 dəfə heç-heçə ilə kifayətlənib. Məğlubiyyətsiz 90-cu oyunun astanasında olan komandamız 110 dəfə uduzub.
Futbolçularımız millinin oyunlarında 141 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 343 topun buraxılmasına üzülüb.
Qarşılaşma yığmamızın dünya və Avropa çempionatlarının seçmə mərhələlərinsə 97-ci oyun olacaq.
1994-cü il sentyabrın 7-də (”Avro-1996”) baş tutan Rumıniya ilə səfər oyununda debüt edən komandamız 19 ildə 8 qələbə qazanıb. Hesabında 18 heç-heçəsi də olan millimiz 70 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısına 45 dəfə yol tapan futbolçularımız 213-nü buraxıblar.
DÇ seçmə mərhələlərində isə 47-ci oyun ərəfəsində komandamızın 3 qələbəsi və 12 heç-heçəsi var. Komandamız indiyədək 31 dəfə məğlub olub. Bu qarşılaşmalarda 16 top vuran millimiz qapısında 84-nü görüb.
Qeyd edək ki, millimiz 1-ci oyununda 1992-ci il sentyabrın 17-də səfərdə Gürcüstana 3:6 hesabı ilə uduzub, 100-cü - yubiley matçında 2004-cü il sentyabrın 4-də Bakıda Uelslə heç-heçə edib – 1:1.
Millimizin yubiley oyunu
917