İqor Ştimats futbol üzrə Xorvatiya milli komandasının baş məşqçi postundan istefa verib. Lent. az-ın məlumatına görə, səbəb kimi son oyunlarda yığmanın zəif çıxışı göstərilib.
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki həlledici matçda bu komanda Şotlandiyaya uduzub – 0:2. Bununla belə, Xorvatiya A qrupunda 2-ci yerin sahibi kimi “pley-off”da iştirak hüququna yiyələnib.
Ştimats deyib: “Mən federasiya prezidentindən son nəticələr və yığma ətrafındakı vəziyyətlə əlaqədar istefaya göndərilməyimi xahiş etmişəm. “Pley-off”a çıxmağımız vacib deyil. Məsuliyyət daşımağa hazır olduğumu göstərmək istəyirəm. Federasiya daxilində kimsə mənə inanmırsa, ona vəziyyəti düzəltmək üçün şans verməyə hazıram. Rəhbərlik istefamı müzakirə edəcək. Deyəsən, “pley-off”da oynayacağımızdan razı deyillər”.
Qeyd edək ki, qrupdan dünya çempionatına birbaşa vəsiqəyə Belçika yiyələnib.