Məmmədyarov özünü Rəcəbovla müqayisə etdi
03 fevral 2014 12:47 (UTC +04:00)

Məmmədyarov özünü Rəcəbovla müqayisə etdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov martın 12-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək İddiaçılar Turniri öncəsi heç bir yarışa qatılmamağı qərara alıb. Bu barədə Lent.az-a 29 yaşlı şahmatçımızın özü məlumat verib.

 

O, bütün diqqətini nüfuzlu turnirə yönəltmək istədiyini bildirib. Məmmədyarovun rəqiblərindən Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) hazırda İsveçrədə “Zurich Chess Challenge” turnirində çıxış edir. Ötən ay isə Hollandiyanın Veyk-An Zeye şəhərində təşkil olunmuş “Tata Steel Chess” turnirində Aronyandan əlavə, Sergey Karyakin (Rusiya) də qüvvəsini sınayıb. Şahmatçımız isə sonuncu dəfə 2013-cü ilin 10 – 19 dekabr tarixlərində Çinin paytaxtı Pekində keçirilmiş Ümumdünya İntellektual Oyunlarında blits və bask növləri üzrə 2 gümüş medal qazanıb. Martın 30-dək davam edəcək İddiaçılar Turnirində təmsilçimizin digər rəqibləri Vladimir Kramnik, Dmitri Andreykin, Pyotr Svidler (hamısı Rusiya) və Veselin Topalov (Bolqarıstan) olacaq.

 

Ötən il daha bir qrossmeysterimiz Teymur Rəcəbov da İddiaçılar Turniri öncəsi heç bir yarışda çıxış etməmiş və yekunda 8 iştirakçı arasında sonuncu olmuşdu. O, görüşlərinin əksəriyyətində vaxt qıtlığı ilə üzləşmişdi. Sonradan Rəcəbov uğursuzluğunu məhz oyun praktikasının yoxluğu ilə izah etmişdi.

 

Məmmədyarov eyni səbəbdən İddiaçılar Turnirində uğursuzluğa düçar olma ehtimallarına belə reaksiya verib: “Hazırda bu yarışa ciddi hazırlaşıram. Amma hazırlıq planımı və hansı məşqçinin rəhbərliyi altında çalışdığımı açıqlaya bilmərəm. Oyun praktikasının yoxluğu İddiaçılar Turnirindəki çıxışıma mənfi təsir edə bilməz. Ona qalsa, dünya çempionu Kramnik də Xantı-Mansiyskə heç bir yarışa qatılmadan gedəcək. Rəcəbovun ötən il İddiaçılar Turnirində tez-tez seytnota düşməsini oyun praktikası ilə əlaqələndirməzdim. Onun oyun üslubu belə, məndə isə fərqlidir”.

 

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il sürətli şahmat üzrə dünya çempionu və Azərbaycan yığmasının heyətində Avropa çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1182
avatar

Oxşar yazılar