Rusiyalı tennisçi Mariya Şarapova soyadının müvəqqəti Şuqarpova (“Sugarpova”) ilə əvəzlənməsi xahişi ilə ABŞ-ın Florida şəhər məhkəməsinə müraciət edib. Lent.az-ın “The Times” nəşrinə istinadən verdiyi məlumata görə, məşhur idmançı yeni soyadından 26 avqust – 8 sentyabrda keçiriləcək ABŞ-ın açıq çempionatında yararlanmaq niyyətindədir.
Turnirdən sonra isə o, əvvəlki soyadını qaytarmağı düşünür.
Qeyd edək ki, “Sugarpova” (ingiliscə sugar – qənd və Şarapova sözündəki son 4 hərf) Rusiyanın tennis brendi sayılır. Bu brend altında konfet də satılır. “Forbes”in avqust ayı üçün dərc etdiyi siyahıda Şarapovanın dünyada ən ödənişli idmançılar siyahısına növbəti dəfə başçılıq etməsində “Sugarpova”dan əldə edilən gəlirin də rolu olub. Konfet və “Nike”, “Samsung Electronics”, “Head”, “Tag Heuer”, “Porsche”, “Evian”la reklam müqavilələri ona bir ilə 23 milyon dollar qazandırıb. 6 milyon dolları isə tennisçi mükafat kimi alıb.