“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini komandasının hazırkı vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “uefa.com”a danışan italiyalı mütəxəssis Çempionlar Liqasında mərhələ adlayacaqlarına inandığını deyib:
“ÇL-də mərhələ adlayacağımıza inanıram. Ümidvaram ki, qarşıdakı “Real” matçında müsbət nəticə qazanacağıq. Dekabrın 10-dakı “Yuventus”la son oyunumuzda əlimizdən gələn hər şeyi edəcəyik. Başa düşməliyik ki, bu futboldur və heç vaxt, heç vaxt demək olmaz”.
“Sarı-qırmızılılar”ın sabiq baş məşqçisi Fatih Terim haqqında danışan 48 yaşlı çalışdırıcı bu sözləri deyib: “Terim Türkiyədə bir əfsanədir. Ona böyük hörmətim var, çünki Avropanın ən yaxşı baş məşqçilərindən biridir. Baş məşqçilər yaxşı bilir ki, onların yeri heç vaxt daimi deyildir. Fatihin hazırda Türkiyə millisində gördüyü işlər də hörmətə layiqdir”.