Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Cənubi Kiprin Futbol Federasiyaları arasında müvəqqəti müqavilə imzalanıb. Lent.az-ın məlumatına görə, FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında baş tutan anlaşmaya federasiya prezidentlərindən müvafiq olaraq, Hasan Sərtoğlu ilə Kostakis Kutsokumnis qol qoyub.
FİFA prezidenti Zepp Blatterlə UEFA prezidenti Mişel Platininin vasitəçilik etdiyi razılaşmaya əsasən, ŞKTC Futbol Federasiyası Cənubi Kipr Futbol Federasiyasının idarəetməsinə və nizamnaməsinə tabe olacaq. Cənubi Kipr Futbol Federasiyası isə FİFA və UEFA üzvü kimi qalacaq, ölkə daxili yarışların təşkilinə və idarəetməsinə məsuliyyət daşıyacaq.
Tərəflər anlaşmanın tətbiqinə dair ortaq İdarə Heyətinin qurulması barədə də razılığa gəlib.