İspaniya “Barselona”sının futbolçusu Andres İnyesta klubla müqaviləsini uzadacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni anlaşma rəsmən dekabrın 23-də imzalanacaq və 2018-ci ilədək qüvvədə olacaq.
“Barsa”nın prezidenti Sandro Rossel bu barədə xəbəri bütün kataloniyalılar üçün Yeni İl hədiyyəsi adlandırıb. 29 yaşlı yarımmüdafiəçinin hazırkı sövdələşməsi 2015-ci ilədək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Andres İnyesta “Barselona”nın futbol akademiyasında 12 yaşından məşğul olub. 2002-ci ildə o, komandanın əsas heyətində debüt edib. İnyesta “Barselona” ilə 6 dəfə İspaniya çempionluğu, 2 dəfə ölkə kubokunu və 3 dəfə Çempionlar Liqasını qazanıb. O, ümumilikdə “Barsa”da 479 matça çıxıb. İspaniya millisində isə təcrübəli yarımmüdafiəçi 94 oyuna 11 qol vurub. İnyesta 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə dünya çempionu olub, ötən il həm də İspaniyada ən yaxşı futbolçu sayılıb.