İkiqat Olimpiya çempionunun medalı əlindən alındı
Ağırlıqqaldırma üzrə Tayvan milli komandası Tokio-2020-dən kənar qalmaq təhlükəsi ilə üzləşib. ONA-nın məlumatına görə buna ikiqat Olimpiya çempionu Syuy Şutszinin dopinq testinin müsbət nəticə verməsi səbəb olub.
O, yığmasının son 4 ildə cəzalanan ikinci atletidir. Beynəlxalq Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən Olimpiya tsiklində eyni ölkənin 3 və ya daha çox idmançısının orqanizmindən istifadəsi qadağan olunan preparat aşkarlanarsa, həmin milli 4 illik bütün yarışlardan kənarlaşdırılır. Lin Tszints və Syuy Şutszinə daha bir ağırlıqqaldıranın qoşulması Tayvan üçün qırmızı işıq yandıracaq.
Olimpiya çempionunun cəzasına gəlincə, karyerasını başa vurduqdan sonra Milli İdman-Təlim Mərkəzində məşqçi kimi çalışan Şutszin 3 illik diskvalifikasiya olunub. 2017-ci ilin sonlarında verdiyi analizlər yalnız indi müsbət nəticə verdiyindən onun cəzası 2018-ci ilin yanvarından hesablanır. Asiyalı atlet DÇ-2017-nin gümüş medalından da məhrum edilib. Çalışdığı vəzifədən də istefa verən Şutszinin Olimpiya Oyunlarındakı analizləri də yenidən yoxlanılacaq.
İdmançı özü isə zədədən sonra stressi azaldan dərmanlardan istifadə etdiyi, onların tərkibində qadağan olunmuş maddələrin yer almasını bilmədiyini deyib.
768