Gəncədə böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə olacaq Olimpiya şəhərciyi salınacaq. APA-nın yerli müxbirinin xəbərinə görə, bunu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. O bildirib ki, Olimpiya şəhərciyi Heydər Əliyev Parkının yaxınlığında salınacaq: “Yaxın günlərdə şəhərciyin təməli qoyulacaq və yaxın iki il müddətinə tikinti işləri yekunlaşacaq. Burada idmanın bütün növləri ilə məşğul olmaq üçün şərait yaradılacaq”.
İcra başçısı şəhərdə yeni əyləncə mərkəzinin tikiləcəyini də bildirib. Onun sözlərinə görə, şəhərin mərkəzində “Dinamo” İdman Cəmiyyətinin yerləşdiyi bina sökülüb, onun yerində böyük əyləncə mərkəzi tikiləcək.