Dekabrın 14-də Bakıda keçiriləcək qarışıq döyüşlər üzrə (MMA) Dünya Kuboku ilə əlaqədar Bakı Biznes Mərkəzində mətbuat konfransı təşkil olunub. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədov yarışda ilin yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş 8 ölkənin mübarizə aparacağını bildirib.
Bunlar Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, İspaniya, Rumıniya və Gürcüstan yığmalarıdır. Həmin ölkələr 2 qrupa bölünərək, 5 çəki dərəcəsində (70 kq, 77 kq, 84 kq, 93 kq və 93 kq-dan yuxarı) çıxış edəcəklər. Məmmədov komandalar arasında rəqabətin böyük olduğunu bildirərək, “Hər bir ölkəni özümüzə rəqib sayırıq” deyib. Məmmədov qaliblərə kubok və medalların, eləcə də sponsorlar tərəfindən xüsusi mükafatın veriləcəyini açıqlayıb.
MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə bildirib ki, millimizin ən azı finaladək irəliləməsini gözləyir. O, komandamıza yaradılan şəraitə və təlim-məşq toplantısının yekunlarına əsasən, belə qənaətə gəldiyini söyləyib. Həsənov deyib ki, Dünya Kuboku uğurla təşkil olunacağı halda, 2014-cü ildə Bakıda Avropa çempionatının və M-1 Çelenc Kubokunun keçirilməsi də mümkündür.
Ümumdünya MMA Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn builki dünya çempionatında azərbaycanlı idmançı, “Naxçıvan” klubunun üzvü Etiqad Atakişiyevin qızıl medal qazanmasını ölkəmiz adına böyük nailiyyət adlandırıb. Onun sözlərinə görə, indiyədək cəmi 6 dünya çempionundan birinin məhz azərbaycanlı olması ölkəmizdə qarışıq döyüş növünün inkişafından xəbər verir. Finkelşteyn gələn il Avropa çempionatının Bakıda təşkili üçün Azərbaycanın yaxşı şanslarının olduğunu da vurğulayıb.
Tədbirdə daha çox WMMAA-nın fəxri prezidenti, 4 qat dünya çempionu Fyodor Yemelyanenko diqqət mərkəzində olub. Yemelyanenko Bakıya ilk dəfə səfər etdiyini və paytaxtımızda gördüklərindən yaxşı mənada təəccübləndiyini söyləyib. O bildirib ki, ilk Dünya Kubokunda hər şeyin yüksək səviyyədə olacağını gözləyir: “I Dünya Kubokunun təşkili məsuliyyətli addımdır. Bütün idmançılardan bir-birinə hörmətlə yanaşmalarını gözləyirəm. Keçmiş idmançı kimi deyə bilərəm ki, tamaşaçılar üçün həvəskar idmançıları izləmək peşəkar döyüşə baxmaqdan daha maraqlıdır. Çünki həvəskar döyüşlərdə daha gərgin mübarizə gedir, idmançılar böyük ruh yüksəkliyi ilə vuruşurlar”.
Yemelyanenko artıq idmançı karyerasını başa vurduğunu, bütün güc və biliklərini bu növün populyarlaşmasına sərf etdiyini də açıqlayıb. O, əvvəllər keçirdiyi döyüşlərin gənc nəslin qarışıq döyüş növləri üzrə hazırlanması üçün əyani vəsait rolunu oynadığına inam ifadə edib. Ötənlərin məşhur döyüş növlərinin yalnız kişilər üçün nəzərdə tutulduğunu da bildirib. Yemelyanenkonun sözlərinə görə, qadınlar döyüş yox, atletika, gimnasika kimi növlərlə məşğuliyyəti daha yaxşı olardı.
Tədbirin sonunda Azərbaycan MMA Liqası adından Vadim Finkelşteyn və Fyodor Yemelyanenkoya diplom təqdim olunub.