Beynəlxalq futbol federasiyası, FİFA 2022-ci ildə Dünya Kuboku finalının Qətərdə yaydan qışa keçirilməsini araşdırmağa başlayacaq.
Lent.az-ın məlumatına görə, qurumun prezidenti Zepp Blatter deyib ki, proses 2014-cü ildə Braziliyada keçiriləcək yarışlardan tez başlamayacaq.
Ölkədə isti yay mövsümünə görə yarışların qışa keçirilməsini Qətər rəsmiləri təklif etsə də, Avropa ölkələrinin bəziləri buna qarşı çıxır. Bir sıra televiziya kanalları da bu ideyaya qarşıdır. Onlar hesab edir ki, bu zaman futbol yarışlarının yayımı başqa verilişlərlə üst-üstə düşəcək.
Xatırladaq ki, FİFA da Qətərdə insan haqları pozulması ilə bağlı məsələni araşdırır. Bir müddət öncə dünya çempionatının keçiriləcəyi stadionlar və bu məqsədlə tikilən başqa obyektlər işləyən mühacirlərin haqqının tapdanması və onlarla qul kimi davranıldığı barədə xəbər yayılmışdı. Həmin xəbərlərdə inşaat meydanlarında əmək miqrantlarının öldüyü də bildirilmişdi.