Fransada təlim-məşq toplantısında olan “Bakı”nın U-15 komandasına “Lans” klubunun məşqçi heyətindən təcrübəli məşqçi Arsen Herve təhkim olunub. Lent.az Hervenin “Bakı”nın rəsmi saytına müsahibəsini təqdim edir.
- “Bakı”nın U-15 komandasının hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Təlim-məşq toplantısı plana uyğun şəkildə davam edir. Əminəm ki, Lansda keçirilən 2 həftə faydalı olacaq. Bu uşaqlara təcrübə lazımdır. Onlar Azərbaycana döndükdən sonra qazandıqları təcrübə və biliklər sayəsində daha da güclü olacaqlar.
- Yoxlama oyunlarını necə dəyərləndirirsiniz?
- Bu oyunlar, qeyd etdiyim kimi, təcrübə baxımından önəmlidir. 3 yoxlama oyununda meydana çıxan uşaqlar məğlub oldular, ancaq bu qarşılaşmaların idman nəticəsi baxımından əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəyirəm.
- Perspektivi necə görürsünüz?
- Əsas məsələ fərqli məktəbin komandası ilə oynamaq və çatışmayan cəhətləri müəyyən etməkdir. Bu işlər gələcəyə hesablanıb. Gələcək uğurların təməlini qoyuruq. Bu uşaqlar Lansa öyrənməyə gəliblər. İndi onlar öz üzərlərində daha çox və əzmlə çalışmalıdır ki, üst səviyyəyə yüksələ bilsinlər. Təbii ki, mən də öz tövsiyələrimi bildirirəm.
- “Lans”la ”Bakı”nın əməkdaşlığını necə qiymətləndirirsiniz?
- İki klub arasında yaranan əməkdaşlıqdan qürur duyuruq. Biz qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da irəli gedəcəyik. Bir-birimizdən öyrənilməsi vacib olan çox məqamlar var. Eyni zamanda, iki klubun dostluğu ölkələrimiz arasında münasibətlərin inkişafında da öz rolunu oynayacaq. Fransa və Azərbaycan dost ölkələrdir. İndi bizim üçün bu əlaqələrin önəmi daha da artmış olur. Bu baxımdan cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm.
- Sizi Bakıda nə vaxt görəcəyik?
- Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq. Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Futbol biliklərimiz və təcrübəmizə arxalanaraq, onu deyə bilərəm ki, bunun nəticəsini gözləmək üçün o qədər də uzun zaman tələb olunmayacaq. Ölkəniz istedadlı insanların vətənidir, sadəcə onları düzgün istiqamətə yönəltmək lazımdır. İnanıram ki, tezliklə Bakıda görüşəcəyik.