Foqtsla müqavilə yenə uzadıldı - TƏLƏBLƏR
18 dekabr 2013 12:21 (UTC +04:00)

Foqtsla müqavilə yenə uzadıldı - TƏLƏBLƏR

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantıda komitənin 11 üzvündən 2-si – I vitse-prezident Rauf Əliyevlə Bakının “İnter” klubunun fəxri prezidenti Cahangir Hacıyev iştirak etməyib.

 

Ən vacib qərar Berti Foqtsun Azərbaycan milli komandası ilə müqavilə müddətinin daha 2 il uzadılmasına dair olub. Bu barədə qərar yekdilliklə qəbul olunub. Komitə üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov Lent.az-a açıqlamasında bildirib ki, toplantıda o, Foqtsun yığmamızdakı 6 ilədək olan fəaliyyəti barədə çıxış edərək, əldə olunan nailiyyətlərdən danışıb. Komitə üzvləri almaniyalı mütəxəssislə müqavilə müddəti uzadılarkən, qarşısına qoyulan tələblərin daha da ciddiləşdirilməsini təklif ediblər. Qərara alınıb ki, Foqts əvvəlki kimi ayda 2 həftə deyil, 3 həftə Azərbaycanda olsun, Topaz Premyer Liqasının oyunlarını müntəzəm izləsin və 2016-cı il Avropa çempionatı üçün daha güclü komanda formalaşdırsın. Ona köməkçi-məşqçi qismində azərbaycanlı mütəxəssislərdən Mahmud Qurbanovun da yardımçı olması təklif olunub.  

 

İclasda uşaq futboluna yardımın artırılması da qərara alınıb. Lakin Topaz Premyer Liqasının hazırkı formatı ilə bağlı heç bir müzakirə aparılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar