Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq.
12 raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmadan öncə - dekabrın 9-da Bakıdakı “Park Bulvar” Əyləncə və İstirahət Mərkəzində açıq məşq baş tutacaq. Məşq saat 19:00-da start götürəcək. Ertəsi gün “Qafqaz Point” otelində iki boksçunun iştirakı ilə mətbuat konfransı təşkil ediləcək. Çəkiölçmə mərasimi dekabrın 13-də Qəbələdəki “Qafqaz Sport” otelində baş tutacaq. Nəhayət, dekabrın 14-ü saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində Məmmədov və Pelk rinqə çıxacaqlar. Döyüşü “İdman Azərbaycan” telekanalı da canlı yayımlayacaq.
Qeyd edək ki, "Qəbələ" İdman Klubu təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayır. Bu klubun boks komandası ilk dəfə Qəbələ Olimpiya Kompleksində Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gəlib.