FAİREX Alpinizm Federasiyasının bəyanatına münasibət bildirdi
17 dekabr 2013 18:41 (UTC +04:00)

FAİREX Alpinizm Federasiyasının bəyanatına münasibət bildirdi

“Başqalarına öz natəmiz adlarını qoymasınlar”

 

Qusarın Ləzə kəndi yaxınlığında Azərbaycan Alpinizm Federasiyasının draytulinq yarışı kimi qələmə verilən tədbiri keçirmək cəhdləri zamanı guya Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları tərəfindən onların iplərinin kəsilməsi barədə yayılan bəyanata FAİREX-in vitse-prezidenti Sarvan Rəsulov münasibət bildirib.

 

Federasiyadan Lent.az-a verilən məlumata görə, o bəyan edib ki, özlərini gah müstəqil Dağçılıq İdman Klubu (ГCK), gah da Azərbaycan Alpinizm Federasiyası kimi qələmə verənlər bəzi mətbuat orqanlarında və öz facebook səhifələrində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ünvanına iftiralar atır: “Həmin gün biz ölkə çempionatı keçirirdik və bütün gücümüzü ona sərf etmişdik. Əsasnaməsi Gənclər və İdman Nazirliyi tərəfindən əvvəlcədən təsdiqlənmiş Respublika Çempionatını Azərbaycanın rayonlarından olan vətənpərvər gənclərlə birlikdə bütün zəruri qaydalara uyğun ClimBaku idman dırmanma mərkəzində böyük müvəffəqiyyətlə keçirdik. Ölkəmizin bütün bölgələrini təmsil edən, tarixdə görünməyən sayda, 40-a yaxın klubun 160-dan çox azərbaycanlı balası bu yarışda iştirak edib. Boş-boş işlərlə məşğul olmağa bizim nə vaxtımız, nə də həvəsimiz var. Bu, qondarılmış məqsədli, şüurlu yalandır. Əgər belə deyilsə, özlərinin heç bir məntiqə sığmayan mövqelərinə bir az da olsa, don geyindirsinlər.”

 

FAİREX-in vitse prezidentinin sözlərinə görə, qarşı tərəfin bu ittihamı cinayət tərkibli ittihamlardır: “Ona görə də cavab verəcəklər. İp kəsməklə özləri məşğuldurlar, altdan-altdan idmançıları satın almağa cəhd edən də elə özləridir. Biz isə onlardan fərqli olaraq millətimiz üçün onların gözünü açan, fiziki və mənəvi inkişafına səbəb olan fəaliyyət göstəririk”.

 

Sarvan Rəsulov əlavə edib ki, “etnik azlıqlara mənsub idmançıları hansısa məqsədlər üçün gizli yollarla Rusiya ərazisinə aparıb, orada saxlayandan sonra qaytaran da özləridir. Bu prosedurdan dırnaqarası keçən idmançıları dindirmək belə olmur. Elə bil onların beyinlərini yuyub buraxıblar. Ölkə əleyhinə az qala leqal fəaliyyət göstərən elə özləridir və onlar idmana aidiyyəti olmayan pozucu fəaliyyətlə məşğuldurlar. Başqalarına öz natəmiz, murdar adlarını qoymasınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 974
avatar

Oxşar yazılar