Azərbaycan Tələbə Futbol Federasiyasında (ATFF) son 21 ayda ikinci dəfə prezident seçkisi keçiriləcək. Lent.az-ın məlumatına görə, növbədənkənar seçki konfransı oktyabrın 26-da AFFA-nın mənzil-qərargahında baş tutacaq.
ATFF rəhbərliyinə gətiriləcək şəxs artıq məlumdur. Bu, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti və qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayevin qardaşı Fazil Qarayevdir. Veteran futbolçu bir müddət futzal yığmamıza da rəhbərlik edib. Hazırda o, biznes fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, ATFF-in əvvəlki prezidenti sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov olub. O, 2012-ci il yanvarın 21-də quruma prezident seçilib. Lakin İ.Mərdanov bu il fevralın 22-də istefa verib. ATFF AFFA-ya daxil olan Sahə Futbol Federasiyalarının üzvüdür.