Bakı Ali Neft Məktəbinin yaradılmasının ikinci ildönümü ilə əlaqədar ali məktəbdə BANM-in və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.
Tədbirdə çıxış edən rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyətini ali məktəbin yaradılmasının ikinci ildönümü münasibəti ilə təbrik edib, qısa zaman ərzində bu tədris ocağında həyata keçirilən işlər haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti haqqında danışan E. Qasımov qeyd edib ki, bu gün təhsillə yanaşı gənclərin intellektual və mədəni səviyyələrini də inkişaf etdirmələri üçün dövlət tərəfindən istənilən yüksək şərait yaradılıb. Şahmatın məntiq tələb edən intellektual oyun olduğunu bildirən E. Qasımov Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu və ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövlətləri sırasında olduğunu qeyd edib.
Tədbirdə iştirak edən şahmat üzrə beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə BANM əməkdaşlarını və tələbələrini təbrik edərək, turnirin qaydaları haqqında məlumat verib və bildirib ki, yarış 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir.
3 saat davam edən yarışda BANM tələbələri Rza Rəhimov I yeri, İbrahim Şərifov II yeri, Elton Sadıqov III yeri qazanıblar. Sonda qalib olmuş tələbələr Bakı Ali Neft Məktəbinin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələrlə təltif olunub.