Futbol üzrə 2014-cü il dünya çempionatına yollanacaq bütün komandaların adlarına aydınlıq gəlib. Lent.az-ın məlumatına görə, ötən gün daha 6 ölkə yığması Mundiala vəsiqə qazanıb.
Bununla da Braziliya yolçularından 30-u rəsmən müəyyənləşib. Avropa qitəsindən son vəsiqələrə Fransa, Portuqaliya, Xorvatiya və Yunanıstan sahib çıxıb. Daha öncə “köhnə qitə”dən 9 ölkə - Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Herseqovina, İngiltərə və İspaniya da çempionatda iştirakını təmin etmişdi.
Ötən gün Afrika qitəsindən Qana və Əlcəzair də Mundiala vəsiqəyə yiyələnərək, Kot d İvuar, Kamerun və Nigeriyaya qoşulub.
Cənubi Amerikadan təşkilatçı ölkə - Braziliyadan əlavə, Argentina, Kolumbiya, Çili və Ekvador, Şimali və Mərkəzi Amerikadan ABŞ, Kosta-Rika və Honduras, Asiyadan İran, Cənubi Koreya və Yaponiya, eləcə də Avstraliya dünya çempionatında iştirakını təmin edib.
Daha 2 vəsiqəyə isə Uruqvay və Meksikanın yiyələnəcəyi şübhə doğurmur. Çünki ilk “pley-off” matçında Uruqvay səfərdə İordaniyaya 5:0, Meksika isə evdə Yeni Zelandiyaya 5:1 hesabı ilə qalib gəlib. Yeri gəlmişkən, bu dəqiqələrdə Yeni Zellandiyada keçirilən cavab görüşündə ilk 45 dəqiqədən sonra hesab 3-0 Meksika millisinin xeyrinədir.
Qeyd edək ki, dünya çempionatının püşkatma mərasimi dekabrın 6-da keçiriləcək.