Dünya çempionatında tarixi nailiyyət!
10 avqust 2013 18:03 (UTC +04:00)

Dünya çempionatında tarixi nailiyyət!

Azərbaycan akademik avarçəkəni Boris Yotov 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Lent.az-ın məlumatına görə, 17 yaşlı idmançımız bu uğura Litvanın Trakay şəhərində yeniyetmələr arasında keçirilən dünya çempionatında imza atıb. 1 nəfərlik qayıqla (JM1x) mübarizə aparan Yotov yarımfinal yürüşündə də finişə hamıdan əvvəl çatıb. O, 2000 metr məsafəyə yürüşün yarısını 4-cü keçsə də, 1500 metr məsafəni 2-ci qət edib, yekunda isə liderliyi ələ alaraq, 7 dəqiqə 12,34 saniyə nəticə ilə 1-ci olub. Serbiyalı Andriya Slyukiç 7 dəqiqə 15,21 saniyə nəticə ilə 2-ci, kubalı Orlando Sotolonqo isə 7 dəqiqə 18,48 saniyə göstərici ilə 3-cü olub. Qaydalara əsasən, ilk “3-lüy”ə düşənlər finala adlayıblar. Digər finalçılar isə Natan Veqrjinski-Şimçik (Polşa), Yan Helviq (Norveç) və Stepan-Adam Havliçek (Çexiya) olub. Həlledici yürüş avqustun 11-də Bakı vaxtı ilə saat 17:40-da olacaq. Qeyd edək ki, 1 nəfərlik qayıqla Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı ilk “6-lığ”a düşənlərin hamısı qazanıb. Boris Yotov Azərbaycanın yeniyetmələr olimpiadasına vəsiqə əldə edən ilk akademik avarçəkəni kimi tarixə düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Oxşar yazılar