Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı start götürüb. Lent. az-ın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandasının 1 üzvü körpücük üzərinə çıxıb.
Qadınların yarışında Kristina Yovu qüvvəsini sınayıb. 53 kq çəki dərəcəsində çıxış edən Yovu gümüş medala sahib çıxıb. Təmsilçimiz birdən qaldırmada əvvəlcə 93 kq, daha sonra 96 kq, ən sonda isə 100 kq ağırlığın öhdəsindən gəlib və kiçik gümüş medalı təmin edib. Çinli Li Yayun da eyni çəkini qaldırsa da, şəxsi çəkisi Kristinadan az olduğundan qızıl medal əldə edib. Təkanla qaldırmada Yovu əvvəlcə 113 kq-ı ram edib. Ardından o, 120 kq-ı qaldıra bilməsə də, üçüncü cəhdində 121 kq-ın öhdəsindən gəlib. Atletimiz bu hərəkətdə də gümüş medal əldə edib. 2 hərəkətin cəmində isə 221 kq (100 kq + 121 kq) nəticə göstərən Yovu dünya çempionatının ümumi sıralamasında 2-ci yeri tutaraq, gümüş medal qazanıb.
Qeyd edək ki, dünya çempionatının növbəti günlərində daha 2 təmsilçimiz - Valentin Xristov (62 kq) və Firudin Quliyev (69 kq) “körpücük” üzərinə çıxacaq.