Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Lent.az-ın məlumatına görə, Bosniya və Hersoqavinadan olan qapıçı İbrahim Şehiçlə 2 illik müqavilə imzalanıb.
25 yaşlı qolkiperin son iş yeri Türkiyənin “Mersin İdman Yurdu” klubu olub. Ötən mövsümün sonunda bu komandadan ayrılan oyunçu azad agent kimi “Qarabağ”a keçib.
Bosniya və Herseqovina millisində 3 oyuna çıxmış Şehiç yeni klubunun rəsmi saytına açıqlamasında Ağdam komandasına uğur qazanmaq üçün gəldiyini deyib: “Heyətimizdə güclü qapıçılar var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacağam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, “Qarabağ”a faydalı ola biləcəyəm. Ən böyük hədəfim isə uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir”.
Qeyd edək ki, Bosniya və Herseqovina yığması tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. İbrahim Şehiç arzusuna çatsa, gələn il Braziliyada keçiriləcək Mundiala Azərbaycan çempionatından yollanan ilk legioner sayılacaq.