Noyabrın 15-də Tallində millimizlə yoldaşlıq görüşü keçirəcək Estoniya yığmasının futbolçusu Dmitri Kruqlovun apasport.az saytına müsahibəsi
- Bu il uzun fasilədən sonra vətəninizə qayıdıb, “Levadiya” klubuna keçdiniz. Yeni komandanızda işləriniz necədir?
- Hələlik işlərimiz yaxşıdır. Çempionatın sonuna 2 tur qalmış qızıl medalları qazandıq. “Rostov”da qalmaqda heç bir məna görmürdüm. Çünki mənə oyun praktikası qazanmaq, əsas heyətlə məşq etmək təminatı yox idi. Düşünürəm ki, Estoniyaya qayıtmaqla düzgün addım atdım.
- 8 illik legioner həyatınızın yarısını Azərbaycanda keçirdiniz. Karyeranızda ölkəmiz hansı yeri tutur?
- Düzdü, uzun müddət Estoniyadan kənarda oynadım. Azərbaycanda aparıcı klublarda və yaxşı baş məşqçilərin rəhbərliyi altında çıxış etdim. Onlardan öyrənməli nə isə var idi. Məni o vaxt “Neftçi”yə Anatoli Demyanenko dəvət etmişdi. Həmin dövrdə klubun vitse-prezidenti Ramin Musayev idi. Məni çox isti qarşıladılar və mənim üçün yeni olan ölkəyə uyğunlaşmağa kömək etdilər. Bakı “İnter”ində də hər şey yaxşı gedirdi. Daim oynayırdım, komandadakı kollektiv çox yaxşı idi. Kaxaber Sxadadze yalnız yaxşı komanda deyil, həm medallar uğrunda mübarizə aparan, həm də avrokuboklarda Azərbaycanı layiqincə təmsil edən komanda qurmuşdu.
- Azərbaycan haqda hansı təəssüratlarınız qalıb?
- Ölkəniz haqda yaxşı xatirələrim var. Çoxlu tanışlarım var orda. Bir də dadlı mətbəxiniz heç yadımdan çıxmaz. Xüsusilə, balıq və qara kürü (gülür).
- Ölkəmizdə 2 klubda oynamısız: “Neftçi” və “İnter”. Onlardan hansı sizə daha doğmadır?
- Mən bu klublar arasında bölgü aparmazdım. Hər ikisi yaxşı klub idi və Azərbaycanda aparıcı mövqelərdədir. Onlar arasında qarşılaşmalar həmişə prinsipial və maraqlı olur.
- “İnter”dən ayrılandan sonra yenidən Azərbaycana qayıtmaq variantınız olub?
- “İnter”lə müqaviləm başa çatandan sonra heç kim əlaqə qurmadı və konkret təkliflə çıxış etmədi. Düzünü deyim ki, mən özüm də daha güclü çempionatda oynamaq istəyirdim. Düşünürəm ki, Rusiya Premyer Liqasının klubuna keçməklə, bunu bacardım.
- Azərbaycandan tanıdığınız futbolçu və məşqçilərdən kiminləsə əlaqə saxlayırsınızmı?
- Nadir hallarda Aleksandr Çertoqanov və Valeri Abramidze ilə danışıram.
- Bəs sabiq komandalarınızın çıxışlarını izləyirsinizmi?
- İmkan daxilində... “Neftçi” üçün çox sevinirəm. Komanda çox yaxşı dəyişib və Avropa Liqasının qrup mərhələsində çox güclü komandalara qarşı oynasa da, layiqli mübarizə apardı. “İnter” haqda az bilirəm. Bilirəm ki, mənimlə oynayanların çoxu bu klubdan gedib.
- 4 il oynadığınız Azərbaycandan ən yaddaqalan nədir?
- Mənim üçün ən yaddaqalanı “Neftçi”nin oyunçusu olduğum vaxt “Xəzər Lənkəran”la qarşıdurmalar idi. Bu həqiqətən də bütün çempionatın ən prinsipial oyunu idi.
- Hələ 29 yaşınız var. Bu isə o deməkdir ki, yenidən legioner həyatı yaşamağınız mümkündür. Sizi yenidən Azərbaycanda görmək olar?
- Hər şey ola bilər. Mən bunu istisna etmirəm.
- Noyabrın 15-də Azərbaycan və Estoniya yığmaları arasında yoxlama oyunu keçiriləcək. Bu matç haqda nə düşünürsünüz?
- Millinin oyunları həmişə ən yaxşı emosiyalar və təəssüratlar yaradır. Bu oyunlar həmişə maraqlı olur. Futbolçular oyuna əzmlə köklənirlər.
- Millimizin kapitanı Rəşad Sadıqov sizin çıxış etdiyiniz vaxt “Neftçi”də də sarğını daşıyırdı. Həm o, həm də digər tanış oyunçularla yenidən üz-üzə gələcəyiniz sizdə hansı hissləri oyadır?
- Səviyyəli komanda ilə oynamaq həmişə xoşdur. Xüsusilə, köhnə tanışlara qarşı. Ümid edirəm ki, hər 2 komanda yaxşı, azarkeşlərin xoşuna gələcək oyun nümayiş etdirəcək.
- Azərbaycan yığması haqda nə deyə bilərsiz?
- “Səviyyəli komanda ilə oynamaq həmişə xoşdur” deməklə buna cavab vermişəm.
- Baş məşqçi Berti Foqtsun yığmamızdakı fəaliyyəti haqda nə bilirsiniz?
- Əgər Foqtsu hələ baş məşqçi postundan çıxarmayıblarsa, deməli, onun işini yaxşı qiymətləndirmək olar.
- Ayın 15-də baş tutacaq qarşılaşmanın nəticəsi haqda nə düşünürsüz?
- Proqnoz verməyi sevmirəm.
- Millidəki komanda yoldaşınız Enar Yaqqer yubiley – 100-cü oyununa Azərbaycanla görüşdə çıxacaq. Artıq 88 matça çıxan Kruqlov da buna nail olmağa, hətta millinin rekordçusu Martin Reymin 157 oyunluq rekordunu qıra bilərmi?
- Əlbəttə, millidə mümkün qədər çox oynayıb komandaya xeyir vermək istəyirəm. Lakin özüm üçün 100 və ya daha böyük rəqəmi dəqiq hədəf kimi qoymuram. Necə olacaqsa olsun.
Dmitri Kruqlov: Foqtsu hələ çıxarmayıblarsa... - MÜSAHİBƏ
1272