Con Toşak: “Xəzər Lənkəran” çempionata tam hazır deyil”
22 avqust 2013 17:37 (UTC +04:00)

Con Toşak: “Xəzər Lənkəran” çempionata tam hazır deyil”

“Qarşıda bizi çox çətin oyunun gözlədiyini dərk edirik”. Lent.az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Bencamin Toşak “Neftçi” ilə futbol üzrə Topaz Premyer Liqasının IV tur matçı barədə klubun rəsmi saytına açıqlamasında deyib.

 

O bildirib ki, “Neftçi” ilə matçın “Xəzər Lənkəran” camiəsi üçün nə qədər önəmli olduğunu bütün komanda anlayır. Toşak futbolçuların məşqlərdə daha da istəklə çalışması, gözlərində olan qələbə istəyindən məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, flaqmanla oyunda qazanılacaq qələbə cənub klubunu uğursuzluq zolağından çıxarmaqla yanaşı, komandanın özünəinamını da artıracaq: “Bu səbəbdən, belə imkanı əldən buraxaraq azarkeşləri daha da üzməyi qətiyyən düşünmürük”.

 

Komandasının çempionata tam hazır olmadığını etiraf edən Toşakın sözlərinə görə, qısa toplanış keçirmələri, toplanış zamanı bəzi futbolçuların zədələnməsi və ardıcıl səfərlər “Xəzər Lənkəran”a müəyyən problemlər yaratdı: “İndi qətiyyən məsuliyyətdən qaçmaq olmaz və istənilən halda nəticəyə mən cavabdehlik daşıyıram. Heç kəs “Toşak “Real”da çalışıb və filan uğuru qazanıb” deməyəcək. Hamı deyəcək ki, Toşak “Makkabi”yə böyük hesabla məğlub olub. Yəni, futbolda son oyuna görə mühakimə olunursan. Odur ki, mənimlə birgə futbolçularımız da hər qarşıdakı oyuna daha böyük məsuliyyətlə yanaşmalıdır”.

 

Baş məşqçi yaxın günlərdə “ağ-yaşıllar”ın sıralarına bir neçə yeni futbolçunun qatılacağını da vurğulayıb: “Artıq transfer pəncərəsi bağlanandan sonra biləcəyik ki, əlimizdə necə və hansı formada material var. “Qarabağ”la matçın ikinci hissəsində göstərilən oyun şəxsən məni çox ümidləndirdi. Belə düşünürəm ki, qarşıdakı günlərdə komandamız tam istədiyimiz formada olacaq!”

 

Qeyd edək ki, “Neftçi” ilə oyun avqustun 25-də Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək. Görüş saat 21:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar