Bu gün Belarusda II Avropa Oyunları start götürəcək.
APA-nın məlumatına görə, ilk dəfə 4 il öncə Bakıda keçirilən qitəmiqyaslı multiidman yarışa bu dəfə Minsk ev sahibliyi edəcək.
Bu şəhər 10 gün ərzində təkcə Belarusun deyil, Avropa idmanının paytaxtına çevriləcək. 50 ölkədən 4000-dək idmançının mübarizəsini milyonlarla azarkeş izləyəcək.
14 idman qurğusunda 200 dəst medal oynanılacaq
Minskin 14 idman qurğusunda təşkil olunacaq yarışı canlı seyr etmək istəyən idmansevərlər isə artıq Belarusa axışıblar. Onlar həm yığmalarına dəstək olmaq, həm də tarixi anları qaçırmamağa çalışacaqlar.
Atletlər ümumilikdə 15 idman növü üzrə 200 dəst medal uğrunda qüvvələrini sınayacaqlar. Mükafatlar xüsusi qarışıq olan kompaktdan hazırlanıb. Medalların hazırlanmasında 24 karatlıq qızıl, 999 əyarlı gümüş və bürüncdən istifadə olunub. Mükafatın möhkəmliyi üçün nanoalmazlardan da istifadə edilib.
Çəkisi 540 qr, diametri 9,5 sm, qalınlığı 1 sm olan medalın hazırlanma prosesinə təxminən 20 saat vaxt gedib. Ümumilikdə yarışlar üçün 1084 mükafat istehsal olunub. Hər medalın arxa tərəfində onun hansı növdə qazanıldığı əksini tapıb. Onlar bərk ağac növlərindən düzəldilən xüsusi qablara yerləşdirilib. Qutunun yuxarı hissəsində qazanılan medalın rənginə uyğun loqoya da yer verilib.
Qaliblərə verilən medallardan başqa, bütün iştirakçılara və rəsmi şəxslərə təqdim olunmaq üçün xatirə medalları da istehsal olunub.
Ən böyük heyətə Fransa malikdir, Azərbaycan siyahıda 17-cidir
Ölkələrin Minks-2019-dakı təmsilçi sayında Fransa liderdir. Bu komanda Belarusun paytaxtına 281 atletlə gəlib.
İkinci yerdə Rusiya qərarlaşıb ki, onlar da liderdən 56 idmançı azdır. İlk “üçlüy”ü meydan sahibləri qapayır. Bütün növlərdə təmsil olunmaq hüququna malik Belarusu 221 atlet təmsil edəcək.
Azərbaycan yığması ikinci dəfə təşkil olunan mötəbər yarışa əvvəlki kimi nəzərdə tutulan 80 idmançı ilə deyil, 82 atletlə qatılacaq. Buna səbəb Beynəlxalq Cüdo Federasiyasının son anda reytinqə əsasən iki xanım idmançımıza əlavə lisenziya verməsidir.
Bu göstərici ilə millimiz təmsilçi sayına görə Avropada 17-ci pillədə qərarlaşıb. Keçmiş SSRİ-nin Avropa Olimpiya Komitəsinə üzv olan ölkələri arasında 4-cü olan Azərbaycan yalnız Rusiya, Belarus və Ukraynadan geri qalır. Əvəzində yığmamız Serbiya, İsveç, Xorvatiya, Norveç kimi aparıcı idman ölkələrini qabaqlayır.
Açılış mərasimində texnologiyaların ümumi çəkisi 90 ton olacaq
Yarışın təşkilatçıları iyunun 15-dən açılış mərasimin hazırlıqlarına start verib. 4 gün sonra isə baş məşq gerçəkləşib. Azarkeşlər üçün də açıq olan bu mərasimdə 3000 könüllü də iştirak edib. Rəsmi açılış mərasimində Belarusun opera müğənnisi Anna Netrepko və qazaxıstanlı müğənni Dimaş Kudayberqenin iştirakı planlaşdırılır.
“Dinamo” Milli Olimpiya Stadionunda təşkil olunacaq tədbirdə yeni texnologiyalardan istifadə olunacaq. O cümlədən, əlavə reallıq texnologiyası, işıq və proyeksiya effektlərindən istifadə ediləcək. Açılış mərasiminin ulduzunun adı son anda açıqlanacaq.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək tədbirin əsas hissəsi isə paraddan ibarət olacaq. Xüsusi olaraq mərasim üçün quraşdırılan unikal dekorasiyaların əsasını mobil ekranlar təşkil edəcək. Bu texnologiyaların ümumi çəkisi 90 ton olacaq. Tədbirin məqsədi Belarusun zəngin tarixini, unikal folklorunu, əfsanələrini və arxitektura abidələrini milyonlara nümayiş etdirməkdir.
Mərasimin ən möhtəşəm hissəsi bədii tədbirdən ibarət olacaq. Bunun ardınca “Sülh məşəli” arenaya gətirilərək, stadiondakı məşəl alovlandırılacaq.
Bağlanış mərasimi isə iyunun 30-na təsadüf edəcək. Bu tədbir də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Azərbaycan 15 növdən 11-də təmsil olunacaq
İlk yarışa ev sahibi kimi qatılmaqla bütün idman növlərində çıxış edən Azərbaycan millisi bu dəfə 11 idman növündə mübarizə aparacaq. Yığmamızın heyətində ən çox atletlə güləş komandamız təmsil olunacaq. Pəhləvanlarımız 16 medala iddia edəcəklər. Cüdo millimiz onlardan 1 idmançı az təşkil edəcək. Onlar üçün yarış həm də Avropa çempionatı statusunu daşıyacaq. Eyni sözlər boks yığmamıza da aiddir. 11 dəri əlcək ustamız eyni anda iki titul üçün rinqə çıxacaqlar.
Gimnastika komandamız da böyük heyətlə təmsil olunacaq. Onlar Belarusda 12 idmançıya güvənəcəklər. Həmçinin Minsk-2019-a karate və sambo millilərimiz hərəyə 7, atıcılıq 6, velosiped idmanı 5, kamandan oxatma və badminton hərəyə 1 atletlə qatılacaqlar. İdmançılarımız atletika, basketbol (3X3), çimərlik futbolu və stolüstü tennisdə çıxış etməyəcəklər.
Buna baxmayaraq, yarışa aparıcı idmançılarımızın qatılacağını nəzərə alsaq, Azərbaycanın medal siyahısında ilk “10-luq”da yer alacağını proqnozlaşdırmaq mümkündür. Çünki güləş, boks, cüdo, karate, sambo və gimnastika növlərində uğur qazanacağımız gözləniləndir. Bu siyahıda digər idman növlərinin də olması istisna deyil. Belə deməyə isə ölkəmizdə hər bir idman növünə olan dövlət qayğısı əsas verir.
Minsk-2019-da çıxış edəcək Azərbaycan millisinin heyəti
Atıcılıq (6 idmançı): Emin Cəfərov, Regina Meftahətdinova, Nurlana Cəfərova, Əli Hüseynli (stend atıcılığı), Ruslan Lunyov, Nigar Nəsirova (güllə atıcılığı)
Badminton (1): Ezmi Qovimuramadhoni
Gimnastika (12): Zöhrə Ağamirova, Ayşən Bayramova, Zeynəb Hümmətova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Darya Sorokina (bədii gimnastika, qrup hərəkətləri komandası), İlya Qrişunin, Ruslan Ağamirov (batut gimnastikası və tamblinq), Ruhidil Qurbanlı, Abdulla Əl-Məşeyxi (akrobatika), İvan Tixonov, Marina Nekrasova (idman gimnastikası).
Cüdo (15): Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra-Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), İrina Kindzerska (+78 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq)
Güləş (16): Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımirad Hacıyev (74 kq), Aleksandr Qostiyev (87 kq), Nurmaqomed Qadjiyev (97 kq), Cəmaləddin Maqomedov (125 kq, hamısı sərbəst güləş), Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq, hamısı yunan-Roma güləşi), Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbirə Əliyeva, 76 kq, hamısı qadın güləşi)
Boks (11): Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominges (81 kq), Rahil Məmmədli (91 kq), Məhəmməd Abdullayev (+91 kq), Məryəm Cəbrayılova (69 kq)
Kamandan oxatma (1): Ozay Qasımova
Velosiped idmanı (5): Sergey Omelçenko (trek), Samir Cəbrayılov, Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə (hamısı şosse)
Kanoe (1): Mariya-Lorena Manolitsa
Karate (7): Roman Heydərov (kata), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq), İrina Zaretska (68 kq)
Sambo (7): Ağasif Səmədov (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Gözəl Zutova (74 kq)