Futbol üzrə Topaz Premyer Liqasında XIV turun “İnter” – “Neftçi” matçında baş hakim Rəhim Həsənov və oyunun hakim-inspektoru Murad Məmmədov kobud səhvlərə yol veriblər. Lent.az-ın məlumatına görə, gənc FİFA referisinin idarəçiliyi qonaq komandada narazılıq doğurub.
Flaqman rəhbərliyi 1:3 hesablı məğlub olduqları matçda Həsənovun nəticəyə təsir edən səhvlərə yol verdiyini iddia edib. Xüsusən, 63-cü dəqiqədə Flavinyonun birbaşa qırmızı vərəqə ilə meydandan qovulması “Neftçi”nin narazılığına səbəb olub. Amma FİFA hakim-inspektoru baş məşqçinin idarəçiliyinə yüksək qiymət yazıb.
“Ağ-qaralar”ın şikayətini haqlı sayan AFFA İntizam Komitəsi hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində, hakim-inspektor və AFFA nümayəndəsi Qürbət Həsənovun matçda fəaliyyətinə Hakim-inspektorlar Komitəsində baxılmasını məqsədəuyğun sayıb. Nəticə barədə isə İntizam Komitəsinə məlumat verilməlidir.
Lakin Flavinyoya göstərilən qırmızı vərəqə ləğv olunmayıb. Əksinə, braziliyalı yarımmüdafiəçi 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb. Oyun başa çatdıqdan sonra isə qonaq komandanın daha bir “sambaçı”sı Denis Silva Kruz “İnter”in futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətə yol verib. Nəticədə o, 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.
“Neftçi” daha 1000 manat cəriməni 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəməli olacaq. 5 oyunçusunun sarı vərəqə aldığı “İnter” də eyni məbləğdə ziyana düşüb.