Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “Neftçi” futbol komandası növbəti yoxlama matçında Qazaxıstan “Tobol”una qalib gəlib. Lent.az-ın məlumatına görə, oyundan sonra flaqmanın baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərin suallarını cavablandırıb...
- Öncə oyunla bağlı fikirlərinizi bilmək istərdik...
- “Tobol”la oyunda əsas heyətin 5 futbolçusuna istirahət vermişdik. Çünki 3 gün öncə “Fənərbağça” kimi komandaya qarşı oynamışdıq. Qazaxıstan komandası ilə matçda əlimizə yaxşı fürsət düşmüşdü. Əvəzedici heyət oyunçularına baxmaq şansı qazanmışdıq. Siz də bu gün şahidi oldunuz ki, hamısı bacarıqlı, çox böyük perspektivə malikdirlər. Azərbaycan futbolunun gələcəyi bu gənclərdir. Mənə elə gəlir ki, hesab hər şeyi deyir. Bir az müdafiə xəttində anlaşılmazlıqların, mövqe səhvlərinin şahidi olduq. Yəqin ki, yaxın günlərdə və gələcək məşqlərdə bunlar üzərində işləyəcəyik. Komandamız yanvarın 12-dən Antalyada təlim-məşq toplantısındadır. Mən də həmin gündən komandanı qəbul etmişəm. Çalışacağıq ki, toplanışın sonunadək bütün çatışmazlıqları aradan qaldıraq. Klub rəhbərliyinə də gözəl təlim-məşq toplantısı təşkil etdiyi üçün minnətdarlıq edirəm. Hər şey yüksək səviyyədədir. Biz də gündə 2 dəfə olmaqla, məşqlərimizi davam etdirirk. Mənə elə gəlir ki, “Neftçi” klubunda problem yoxdur.
- Yeni gələn futbolçular haqda nə deyə bilərsiniz?
- Bilirsiniz ki, əsas komandaya “Neftçi”nin öz yetirmələri cəlb olunub. Ən vacibi odur ki, bu uşaqların futbola böyük sevgisi var. Qalanı biz məşqçilərin üzərinə düşür. Bura onların üzərində işləyib daha yüksək səviyyəyə çatdırmaq daxildir. Çalışacağıq ki, onları düzgün istiqamətdə hazırlayaq.
- Komandanı çempionata neçə faiz hazır sayırsınız?
- Hardasa mən istədiyimin 50-55 faizi qədər. Yəqin ki, toplanışın sonuna kimi bu faizi 70-75-ə çatdırarıq. Çempionatın gedişində isə komandamız öz ritmini tutacaq.
- Sizin hazırladığınız komanda Tərlan Əhmədovun və Nazim Süleymanovun hazırladığı komandadan çox fərqlənir?
- Mən bu gün durub öz komandamı tərifləsəm, bir az pis çıxar. “Neftçi”nin necə futbol oynadığını siz yazarlar bizdən daha yaxşı görürsünüz. Məncə, əvvəllər də komandada problem olmayıb, indi də belə bir şey görmürəm. Bu komandanın heç bir transferə ehtiyacı yoxdur. Heyətdən düzgün yararlanmaq, ən vacibi, uşaqlarda olan motivasiya və konsentrasiyanı bir az artırmaq lazımdır.
- Antalyaya gətirdiyiniz gənc futbolçuların xidmətindən çempionatda da istifadə edəcəksiniz?
- Siz özünüz də bunun şahidi olacaqsınız. Biz onlar üçün böyük əziyyət çəkmirik. Bu gənclərin simasında Azərbaycan futbolunda yeni adlar daxil olacaq.
- Komandanızda fiziki hazırlıq hansı səviyyədədir?
- Hardasa 60-70 faiz. Hələ dediyimiz səviyyəyə çatdırmamışıq. Yəqin ki, həftənin sonunadək istəyimizə nail olacağıq. Hazırlığımızın ilk həftəsində gücə, dözümlülüyə diqqət yetirmişdik. Bu həftə ərzində isə sürətə üstünlük verəcəyik.
- Nazim Süleymanov gedərkən demişdi ki, mən bu heyətlə çempionluğa söz vermirəm...
- Mən sizə bir söz deyim. Bizim üçün 2-ci yerlə 10-cu yer arasında heç bir fərq yoxdur. “Neftçi” yalnız çempionluq üçün vuruşur. İnanıram ki, mayda “Neftçi”nin ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olduğunu görəcəksiniz.
- Yenidən “Neftçi”yə qayıdışınız heç kim üçün gözlənilməz olmadı. Sizcə, niyə?
- Bu gün məşqçi nə ilə sayılıb-seçilir? Verdiyi nəticələrlə. Mən baş məşqçilikdən getdikdən sonra klub prezidentinin müşaviri vəzifəsinə təyin olundum. Bu postda da ancaq bir nəfərə məruzə edirdim ki, o da klubun prezidenti Sadıq Sadıqov idi. Mən nə baş məşqçinin işinə qarışırdım, nə də müdaxilə edirdim. Bunu mətbuata da dəfələrlə bildirmişdim. Hətta vəziyyət o həddə çatmışdı ki, məşq vaxtı bazada olmurdum. Kiminləsə görüşməyi, hansısa məşqçini intizarda qoymaq istəmirdim. Kimlərsə ona etibar olunan komanda ilə bacarmadısa, bu, mənim günahım deyil. Yenidən baş məşqçi postuna dəvət aldığım “Neftçi” mənə doğmadır. Həmişə demişəm: bu klubun mənə verdiyini heç kimdə görməmişdim. Bu klubu heç vaxt başsız qoya bilməzdim.
- Nazim Süleymanovu bu dəqiqə gətirib müşavir təyin etsələr, buna münasibətiniz necə olar?
- Çox yaxşı qəbul edərəm. Süleymanovun üzünə də dedim. Necə olur mən Cənubi Kiprə APOEL-lə, Serbiyaya “Partizan”la, Rusiyaya “Rubin”lə, İtaliyaya “İnter”lə oyunlara gedirəm, o da həmin səfərlərdə olur?
- Unutmayın ki, Süleymanov “Neftçi” ilə həmin səfərlərə milli komandamızın məşqçisi, baş məşqçi Berti Foqtsun tapşırığı ilə gedib...
- O, Foqtsun necə köməkçisi idi ki, mən 1 ildir “Araz Abdullayevi yığmaya çağırın” deyə qışqıranda, heç kim futbolçuma dəvət göndərmirdi? Necə oldu ki, Foqtsun köməkçisi “Neftçi”nin baş məşqçi postunda qəfil üzə çıxdı? Onlar vuranda su çıxır, mən vuranda qan? 3 il bundan əvvəl “Neftçi”yə dəvət aldığım vaxt mənimlə bərabər Süleymanovun da namizədliyi var idi. Siz mənim yerimdə olsaydınız belə fikirləşməzdiniz? Həmişə demişəm:məşqçi anadan məşqçi doğulmalıdır. Məşqçinin bir əqidəsi olmalıdır. Yoxsa, o nə deməkdir ki, mənə transfer verin, onu alın, bunu alın. Burada məşqçinin marağı nədir? Qoy sualıma cavab versinlər: transferə girişən məşqçilərdən hansı ağ günə çıxıb?
- Böyükağa Hacıyev bu 3 ildə heç vaxt transfer tələb eləmiyib?
- Mən demişəm ki, filan xəttə, filan xəttə bir futbolçu lazımdı. Amma deməmişəm ki, filankəsi filan yerdəngətirin. Diskdə 20 dəqiqə Ramosun, Kanalesin və Bertuççinin oyununa baxmışam və demişəm ki, istəyirəm komandamda olsunlar.
- Çempionluğa söz verdiniz. Bəs ölkə kuboku?
- Biz kuboka da sahib olacağıq, çempionluğa da. Ötən il Avropa kuboklarında buraxdığımız səhvi bir daha təkrarlamayacağıq.
- Avrokuboklara vəsiqə qazansanız yeni transferlər tələb edəcəksiniz?
- Baxacağıq duruma. Mayadək çox şey dəyişə bilər. Bəzi futbolçuların müqavilələri mövsümün sonunda başa çatır. Mən rəhbərlikdən xahiş edəcəyəm, onlar da məni sındırmayacaqlar.
- Çempion ola bilməsəniz, hansı addımı atacaqsınız?
- Çempion olmasaq, istefa verməyəcəyəm. Gözləyəcəyəm ki, rəhbərlik məni istefaya göndərsin (gülür).