Litvanın Trakay şəhərində yeniyetmə akademik avarçəkənlər arasında dünya çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, Azərbaycanın nüfuzlu yarışdakı yeganə təmsilçisi Boris Yotov seçmə yürüşü uğurla dəf edib.
1 nəfərlik qayıqla (JM1x) yarışan 17 yaşlı idmançımız 2000 metr məsafəyə 7 dəqiqə 59,54 saniyəyə 2-ci çatıb. Əsasnaməyə görə, ilk “3-lüy”ə düşənlər birbaşa ¼ finala vəsiqə qazanırlar, qalan yerlərin sahibləri isə təsəlli yürüşlərinə qatılmalı olurlar. Bu səbəbdən, Boris Yotov 1-ci yeri tutan serbiyalı Andreyya Slyukiç (7:56.60) və 3-cü olan belçikalı Pyer de Loofla (8:02.97) birgə ¼ finala adlayıb. Təmsilçimiz növbəti mərhələ yürüşünə avqustun 9-da qatılacaq.
Qeyd edək ki, Trakaydakı dünya çempionatı 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Boris Yotov öz qayıq tipində finaladək irəliləməyi bacarsa, başqa sözlə, 6 ən güclüdən biri olsa, Azərbaycana ilk olimpiya lisenziyası qazandıracaq.
Boris Yotov dünya çempionatına uğurla başladı
535