Minsk-2019: Güləşçilərimiz medal şansını itirdilər - YENİLƏNİB
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvü medal şansını itirib.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, buna 1/4 final görüşlərinin nəticələri səbəb olub.
Belə ki, 1/8 finalda uduzan idmançılarımızın təsəlliverici görüşlərə qatılması üçün onlara qalib gələnlər finala yüksəlməli idi. Amma hər iki idmançımızın rəqibi 1/4 finalda uduzub və təmsilçilərimizin də yolunu bağlayıb.
Sakit Quliyevə (60 kq) qalib gələn xorvatiyalı İvan Lizatoviç gürcüstanlı Dato Çxartiaşvili önündə aciz qalıb – 1:8. Kərim Cəfərovu (67 kq) dayandıran norveçli Haavard Yorgenssen isə ermənistanlı Karen Aslanyana uduzub – 1:6.
Qeyd edək ki, sabah yığmamızın daha üç güləşçisi - İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) xalça üzərinə çıxacaq.
13:14
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, üç çəki dərəcəsində mübarizə başlayıb.
Azərbaycan yığmasının iki üzvü 1/8 final qarşılaşmasına çıxıb. Sakit Quliyevin (60 kq) ilk rəqibi İvan Lizatoviç (Xorvatiya) olub. İlk yarıda 0:2 hesabı ilə uduzan güləşçimiz ikinci üç dəqiqədə də rəqibi ilə bacarmayıb. 0:4 hesabı ilə uduzan təmsilçimiz qızıl medal uğrunda mübarizəni dayandırıb.
Kərim Cəfərov (67 kq) isə norveçli Haavard Yorgenssenlə üz-üzə gəlib. Görüşə uğursuz başlayan təmsilçimiz dönüş yaratmağa müvəffəq olmayıb – 1:4.
Hər iki güləşçimizin sabah keçiriləcək təsəlliverici qarşılaşmalara vəsiqə qazanması rəqiblərinin nəticələrindən asılı olacaq. İdmançılarımızı məğlub edən güləşçilər finala yüksəlsə, bu, təmsilçilərimizə bürünc medal şansı yaradacaq.
Qeyd edək ki, sabah daha üç güləşçimiz xalça üzərinə çıxacaq.
692