İdman tarixən xalqımızın milli-mənəvi dəyərlərindən biri olmuşdur. Xüsusən müstəqilliyimiz əldə edildikdən sonra milli ruhla yoğrulan Azərbaycan idmanı dünyada tanınmışdır. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması və onun Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınması ilə ölkəmizin idman hərəkatında yeni bir dövr başlanmışdır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi isə komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yaratmış, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafında təkan olmuşdur.
Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir. Paytaxt Bakıda 70 min tamaşaçı yeri olan Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi kimi müasir idman obyektləri, həmçinin idman şəhərciyi fəaliyyət göstərir.
Respublikamızda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunmuş və həmin il Azərbaycan idmanı üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdı. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, Olimpiya oyunlarının vətəni hesab olunan Avropa qitəsində ilk dəfə olaraq baş tutan Avropa oyunları 2015-ci ildə ölkəmizdə keçirilmişdi. Bu böyük tarixi hadisə, ölkəmizin imza atdığı beynəlxalq miqyaslı uğurlardan biridir. 2016-cı ildə 42-ci Şahmat Olimpiadası da Azərbaycanda baş tutdu. Bundan başqa artıq iki dəfədir ki, ölkəmiz “Formula-1” yarışlarına ev sahibliyi edir. 2016-ci il Rio Yay Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazanaraq medalların sayına görə komanda hesabında ölkəmiz 14-cü yerə layiq görüldü. Bütün bu idman təcrübələrindən istifadə edən Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirməyə nail oldu. 22 sentyabr - 1 oktyabr tarixlərində Bakı qadınlar arasında voleybol üzrə Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycan milli komandası gözəl oyun nümayiş etdirərək Avropa çempionatını dördüncü sırada başa vurdu. Oktyabrın 2-dən etibarən 4 gün davam edəcək Ümumdünya Boks Şurasının (WBC) 55-ci Konvensiyası da Bakıda baş tutdu. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bütün bunlar tarixi qələbə, böyük uğurdur.
29 sentyabr tarixində Bakıda Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin toplantısı, eyni zamanda, Milli Olimpiya komitələrinin forumu baş tutdu. Həmin gün eyni zamanda Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev MOK-un 25 illik tarixinə, idman uğurlarımıza toxunaraq bir daha vurğuladı ki, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək, idman uğurlarımız daha da çox olacaq. Tədbirdə Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim etdi. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer isə Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlət başçısı bu mükafatları idmanın və Olimpiya Hərəkatının inkişafındakı nailiyyətlərimizə verilən qiymət kimi dəyərləndirdi.
Azərbaycan Milli Olimpiya Komitəsi öz işi ilə beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Bütün bu uğurların məntiqi nəticəsidir ki, Azərbaycan bugün dünyada idman dövləti kimi tanınır. Bu isə ölkəmizin istər idman, istərsə də iqtisadi-siyasi sferada qazandığı uğurlarına verilən qiymətdir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı uğurla inkişaf edir və gələcəkdə böyük perspektivlər vəd edir.
Nailə Məmmədova
“Azerbaijan Realities”