Bakı-2019: İki müğənnimiz ulduz səfir elan edildi
İyulun 21-də Bakıda start götürəcək XV Avropa Yay Olimpiya Gənclər festivalının yeni ulduz səfirlərinin adları məlum olub.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan ediliblər.
Bununla da səfirlərin sayı 7-yə çatıb. N. Qafarzadə və E. Hüseynəliyevədək Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məşhur aparıcı Hacı Nuran da festival könüllülərinin ulduz səfirləri elan olunublar. Onlar yarışa hazırlıq vaxtı, həmçinin Oyunların gedişində ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.
Qeyd edək ki, festivala 4000-ə yaxın idmançı, texniki heyət və digər qonaqlar qatılacaqlar. 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və Avropada xüsusi maraqla izlənən idman yarışın keçirilməsinə 3500 könüllü cəlb olunub. Onlarla son təlimlər başa çatmaqdadır. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər.
Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.
Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar.
Azərbaycan həmişə olduğu kimi, bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirmiş, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq.
Yarışda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Əməliyyat Komitəsinə müraciət etməklə çoxlu sayda bilet əldə edə bilərlər.
756