Bakı-2019: Cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazandılar - YENİLƏNİB - FOTOSESSİYA
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışlarının ilk günü başa çatıb.
APA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən görüşlərdən sonra 6 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
Azərbaycan yığması günü 3 medalla başa vurub. Bu mükafatlardan biri qızıl, ikisi bürünc olub.
Komandamızın heyətində Turan Bayramov bütün görüşlərdə qələbə qazanıb. O, finalda rusiyalı Rizvan Maqomadovu sınağa çəkib və rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şükran Zamanlı (55 kq) bürünc medal üçün ukraynalı Vladislav Kolobovla qüvvəsini sınayıb. Görüş Azərbaycan idmançısının qələbəsi ilə yekunlaşıb. O, ipponla qalib gəlib.
Gülşən Bəşirova (44 kq) 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə gücünü yoxlayıb. Qarşılaşma cüdoçumuzun asan qələbəsi ilə yekunlaşıb. O, rəqibini 17 saniyəyə ippona salaraq, bürünc medala yiyələnib.
Komanda yoldaşlarından fərqli, Səbinə Əliyeva (48 kq) medalı son anda əldən verib. O, üçüncü yer uğrunda görüşdə belçikalı Selin Dirikslə güləşib və ipponla uduzub.
Beləliklə, Azərbaycan millisinin Bakı-2019-dakı medallarının sayı 19-a çatıb. Bu mükafatlardan 9-u qızıl, 5-i gümüş və 5-i bürüncdür.
14:07
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında çüdoçuların mübarizəsinə start verilib.
APA-nın məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxıb.
Onlardan biri finala yüksəldiyi halda, ikisi bürünc medal çansı qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov debütdə Adam Saferi (Avstriya) 20 saniyəyə ippona salıb. O, ardınca Mikos Tontinidisi də məğlub etməyə cəmi 13 saniyə vaxt sərf edib.
Cüdoçumuz yarımfinalda türkiyəli Muhammed Demirellə üz-üzə gəlib və yenə də tatamidən qalib ayrılıb. O, çempionluq üçün rusiyalı Rizvan Maqomadovu sınağa çəkəcək.
Şükran Zamanlı (55 kq) da festivala qələbə ilə başlayıb. Milli üzvü Migel Gaqodan (Portuqaliya) üstün olub. Lakin idmançı bu uğurun davamını gətirə bilməyib. İkinci cəhdində macarıstanlı Bense Farkaşa uduzub. Buna baxmayaraq, təsəlliverici görüşlərə qatılan həmyerlimiz almaniyalı David İckes və hollandiyalı Laurens Vilmsdən güclü olub.
O, bürünc medal üçün döyüşəcək.
44 kq çəkidə qüvvəsini sınayan Gülşən Bəşirova da Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub.
Təsəlliverici qarşılaşma isə G. Bəşirovanın xeyrinə yekunlaşıb. O, polşalı Natalya Stoklosanı mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gələcək.
İsmayıl Qənbərli (50 kq) startda Sergey Mastryukova (Rusiya) uduzub. Onun rəqibi növbəti mərhələdə məğlub olduğu üçün təmsilçimiz yarışla vaxtından əvvəl vidalaşıb.
Qeyd edək ki, Festivalda Azərbaycan 12 cüdoçu ilə təmsil olunur.
1026